Bakıda ikimərtəbəli evdə yanğın: Yaralıların vəziyyəti açıqlandı
Nərimanov rayonu, 2-ci Şimal Şitilliyi küçəsində fərdi yaşayış evində baş verən yanğın zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən sorğuya cavab olaraq bildirilib ki, noyabrın 25-i, saat 04:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonu ərazisində yerləşən yaşayış evində yanğın hadisəsinin baş verməsi səbəbi ilə çağırış qeydə alınıb.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən iki nəfərə bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə zəruri tibbi xidmət göstərilib və Yanıq Mərkəzinə hospitalizasiya olunublar", - deyə məlumatda bildirilib.
Nərimanov rayonu, 2-ci Şimal Şitilliyi küçəsində fərdi yaşayış evində yanğın baş verib.
Liderxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus, ümumi sahəsi 900 kv.m olan ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın daha geniş sahəyə, o cümlədən bitişik evlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.Yanğın nəticəsində fərdi yaşayış evinin ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 320 kv.m sahədə yanıb. İki nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.
