Avropa ilə enerji əməkdaşlığı güclənir - YENİ MƏRHƏLƏ
Bu gün Avropa İttifaqına üzv olan səkkiz ölkə Azərbaycan qazının alıcısıdır və bu fakt Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu nümayiş etdirir.
Möhtərəm Prezident cənab İlham Əliyevin 8 dekabr 2025-ci il tarixində Slovakiyaya səfəri çərçivəsində mətbuata verdiyi bəyanat Azərbaycan-Slovakiya münasibətlərinin möhkəm təmələ söykəndiyini və getdikcə daha da genişlənən strateji əməkdaşlıq istiqamətlərini əhatə edirdi. Səfər zamanı aparılan danışıqlar, keçirilən görüşlər və imzalanan sənədlər ölkələr arasında siyasi, iqtisadi və enerji sahəsində tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Göründüyü kimi son illər ərzində iki ölkə arasında formalaşmış münasibətlər qarşılıqlı etimad mühitinə, iqtisadi münasibətlərin dinamik inkişafına və xüsusilə enerji təhlükəsizliyi sahəsində geniş perspektivlərə əsaslanır. Dövlət başçısı bəyanatında qeyd etdi ki, Azərbaycanın zəngin qaz yataqları və böyük enerji potensialı ölkəyə həm regionda, həm də daha geniş coğrafiyada etibarlı təchizatçı kimi mühüm yer qazandırır.
Son illərdə həyata keçirilmiş enerji strategiyası, transmilli boru kəməri layihələri və yeni yataqların işlənməsi nəticəsində Azərbaycan qazını ixrac edən ölkələrin sayı artıq 14-ə çatıb. Əlbəttə ki, bu da öz növbəsində ölkənin enerji xəritəsində mühüm aktora çevrildiyini təsdiqləyən əsas göstəricilərdən biridir. Cənab İlham Əliyevin sözlərinə görə, yeni qaz yataqlarının işlənməsi nəticəsində Azərbaycan yaxın dövrdə əlavə həcmdə təbii qaz əldə edəcək ki, bu da öz növbəsində, həm Slovakiyanın, həm də digər ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verməyə imkan yaradacaqdır.
Bu gün Avropa İttifaqına üzv olan səkkiz ölkə Azərbaycan qazının alıcısıdır və bu fakt Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu nümayiş etdirir. Möhtərəm Prezident çıxışı zamanı enerji sahəsində əməkdaşlığın təkcə qaz təchizatı ilə məhdudlaşmadığını, eyni zamanda bərpa olunan enerji mənbələri üzrə birgə təşəbbüslərin də gündəmdə olduğunu vurğuladı. Son illərdə ölkəmizdə, xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaradılan “yaşıl enerji zonaları” Avropa bazarlarının marağını artırır və Slovakiya şirkətlərinin bu layihələrdə iştirak etməsi üçün geniş imkanlar mövcuddur.
Azərbaycanın bərpa olunan enerji layihələri üzrə planları qarşıdakı illərdə ölkənin ixrac potensialını daha da artıracaq və Avropa istiqamətində elektrik enerjisi ticarətini mümkün edəcəkdir. Beləliklə, Möhtərəm Prezident cənab İlham Əliyevin Slovakiyaya səfəri dövlətlərarası münasibətlərin inkişafında mühüm mərhələ olmaqla yanaşı, Avropa ilə enerji əməkdaşlığının gücləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.
Sərxan Talıbov;
Neftçala rayonu
