Pressa.az » Ölkə » Televiziya və data mövzusunda yeni dərs vəsaiti

Televiziya və data mövzusunda yeni dərs vəsaiti

16 dekabr 2025, Çərşənbə axşamı, 12:53
Televiziya və data mövzusunda yeni dərs vəsaiti

Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Arzu İsayevanın “Telejurnalistika və data analiz” adlı dərs vəsaiti çap edilib.

Liderxeber.az xəbər verir ki, müasir tədris ehtiyaclarına uyğun olaraq yazılmış dərs vəsaiti daim yenilənən televiziya jurnalistikasında, ümumən jurnalistika və multimedia yaradıcılığında aparıcı mövqe tutan data analizinin ən aktual məsələlərini özündə əks etdirir və tələbələrə bu sahədə ən yeni bilikləri aşılayır.

Mövcud yayım praktikasının tələblərinə uyğun olaraq yazılmış dərs vəsaitində data analiz televiziyanın məlumat mənbəyi və jurnalist-reportyor işinin vacib istiqaməti kimi nəzərdən keçirilir. Datanın mahiyyəti, verilənlər bazası kimi televerilişlərdə istifadəsi, xəbər istehsalı üçün önəmi, əldə edilib işlənməsi, vizuallaşdırılması, hekayə halına salınıb auditoriyaya çatdırılması kimi yaradıcılıq mərhələləri ön plana çəkilib.

Ali məktəblərin jurnalistika fakültələrinin tələbələri və multimedia sahəsində  çalışan jurnalistlər  üçün nəzərdə tutulmuş dərs vəsaitinin elmi redaktoru dosent Sevinc Məmmədova, rəyçiləri isə professor Qulu Məhərrəmli və yeni media üzrə mütəxəssis Anzulə Cəfərovadır.