Pressa.az » Ölkə » Yeddi körpənin öldüyü Periental Mərkəzdə elektik uzadıcılarından istifadə qadağan edilibmiş?

Yeddi körpənin öldüyü Periental Mərkəzdə elektik uzadıcılarından istifadə qadağan edilibmiş?

17 dekabr 2025, Çərşənbə, 16:21
Yeddi körpənin öldüyü Periental Mərkəzdə elektik uzadıcılarından istifadə qadağan edilibmiş?

Respublika Perinatal Mərkəzində yeddi körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Liderxeber.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əskərova-Məmmədovanın sədrliyi ilə keçirilən proses şahid Təbriz Nəzirlinin ifadəsi ilə davam edib.

O deyib ki, Perinatal Mərkəzdə mühəndis işləyib. Şahid tibbi avadanlıqların quraşdırılması və təmirini həyata keçirdiyini deyib.

"Mərkəzdə elektrik yuvalarının üstü açıq idi. Bu barədə elektrikə, eləcə də Mehriban xanımın (Mərkəzin sabiq rəhbəri Mehriban Abasquliyeva - red.) özünə demişdim. Hadisədən 1 gün əvvəl də mərkəzdə idim. Hadisədən sonra cihazlara mütəxəssislər baxmışdılar. Həmin vaxt mən kənarda idim".

Mərkəzin təqsirləndirilən sabiq direktoru Mehriban Abasquliyevanın vəkili şahidin yalan danışmaqda ittiham edərək onun hadisədən bir gün qabaq orada olmadığını deyib.

Şahid Təbriz Nəzirli suallara cavab verərkən onu da deyib ki, küvəzlərin sayı çoxaldıqca məcburiyyətdən uzadıcılardan da istifadə olunub. O, mərkəzdə uzadıcılardan istifadəni tövsiyə etmədiyini deyib. Şahid bildirib ki, elektrik uzadıcılarından istifadə etməyin qadağan olunduğunu ona kimsə deməyib. O, şəxsi bildikləri əsasında uzadıcıların istifadə edilməməsi qənaətinə gəlib.

Növbəti proses yanvarın 7-nə təyin edilib.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da "Respublika Perinatal Mərkəzi" PHŞ-nin inzibati binasında yanğın baş verib. Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb. İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub. Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib. Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıblar.