Pressa.az » Ölkə » Neftçalanın icra başçısı səyyar görüş keçirib

Neftçalanın icra başçısı səyyar görüş keçirib

18 dekabr 2025, Cümə axşamı, 14:57
Neftçalanın icra başçısı səyyar görüş keçirib

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Neftçala şəhər sakinləri ilə səyyar görüş keçirib.
 
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.
 
İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
 
Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, Neftçala şəhəri haqqında görüş iştirakçılarına geniş məlumat verib.
 
Çıxışçılar “Mehriban xanım Əliyevanın ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, vətən və xalq naminə fədakarlıq, müasir Azərbaycanın inkişafında, sosial məsələlərin həllində fəallıq, milli-mənəvi dəyərlərə sadiqlik, sərhəd tanımayan xeyirxahlıq, mərhəmət və şəfqət Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həyat fəlsəfəsinin əsasını təşkil edir. 
 
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, Mehriban xanım Əliyevanın ömür yolu Vətənə, dövlətə və xalqa sədaqətli xidmətin nümunəvi salnaməsidir. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi, sosial rifahın yüksəldilməsi və insan amilinin daim diqqət mərkəzində saxlanılması istiqamətində mühüm fəaliyyət göstərir. Onun fəaliyyəti humanizm, məsuliyyət və vətəndaş mövqeyi ilə səciyyələnir. Mehriban xanım Əliyeva eyni zamanda Heydər Əliyev Fondunun prezidenti kimi təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə genişmiqyaslı layihələrin təşəbbüskarı və icraçısıdır. Fondun həyata keçirdiyi proqramlar aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə, uşaqların və gənclərin sağlam, savadlı və vətənpərvər ruhda yetişməsinə xidmət edir. Xüsusilə təhsil və səhiyyə sahəsində görülən işlər cəmiyyətin uzunmüddətli inkişafına mühüm töhfə verir.
 
RİH-in başçısı qeyd edib ki, Mehriban xanım Əliyevanın mədəniyyət sahəsindəki fəaliyyəti Azərbaycan milli-mənəvi dəyərlərinin qorunması və beynəlxalq aləmdə tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır. Onun təşəbbüsü ilə tarixi abidələr bərpa olunur, milli musiqi, ədəbiyyat və incəsənət nümunələri dünyada təbliğ edilir. Bu fəaliyyət Azərbaycan mədəniyyətinin zənginliyini və çoxəsrlik tarixini nümayiş etdirir. Bütün fəaliyyəti boyunca Mehriban xanım Əliyeva xalqa yaxınlığı, səmimiliyi və yüksək mənəvi keyfiyyətləri ilə seçilir. Onun ömür yolu Vətənə sevginin, xalqa xidmətin və fədakarlığın bariz ifadəsi kimi Azərbaycan cəmiyyətində dərin hörmət və rəğbət qazanıb.

 RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.
Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.
 
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən küçə işıqlanmasının təmin edilməsi, işlə təmin olunma, şəhər ərazisində mövcud ağacların suvarılması məqsədilə suvarma sisteminin qurulması, istifadə edilmiş qaz borcunun ödənilməsinə köməklik göstərilməsi və digər məsələlərlə bağlı müraciətlər irəli sürülmüşdür. Müraciətlər vətəndaşlar tərəfindən ayrı-ayrılıqda səsləndirilmiş, qaldırılan məsələlər ətraflı müzakirə olunmuş və onların həlli məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
 
Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.

Oxşar Xəbərlər: