Pressa.az » Ölkə » Xəzərə buraxılan balıqların sayı açıqlandı

Xəzərə buraxılan balıqların sayı açıqlandı

19 dekabr 2025, Cümə, 11:52
Xəzərə buraxılan balıqların sayı açıqlandı

"Azərbaycanın balıq ehtiyatlarının bərpası və davamlılığının təmin edilməsi məqsədilə daxili su hövzələrində hər il təxminən 6-12 milyon, eyni zamanda, Xəzərə 11-23 milyon ədəd körpə balığın buraxılışına ehtiyac var".

Liderxeber.az xəbər verir ki, bu barədə Balıqçılıq və Akvakultura Mərkəzinin sədri Ceyhun Əliyev bildirib.

Onun sözlərinə görə, 2026-cı il üzrə ov kvotalarının müəyyən edilməsi məqsədilə ekspedisiyanın nəticəsi əsasında tərtib edilmiş hesabatlar təhlil edilərək və AMEA Zoologiya İnstitutunun rəyi nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilib:

"2025-ci il ərzində ümumi su hövzələrinin bioloji ehtiyatlarının artırılması məqsədilə dövlət və özəl tərəfdaşlığı çərçivəsində müvafiq tədbirlər həyata keçirilib və təbii mühitə müxtəlif növ balıq buraxılışları təmin olunub. Belə ki, il ərzində təbii mühitə 343 min ədəd nərəcinsli balıq, 255 min ədəd çəkikimilər, 2 milyon 160 min ədəd kütüm və 22 min ədəd Xəzər qızılbalığı buraxılıb.

2026-28-ci illər üçün əsas hədəflər və planlaşdırılan tədbirlər çərçivəsində isə mövcud balıqartırma müəssisələrinin istehsal gücünün artırılması nəzərdə tutulur. Planlanan tədbirlərin nəticəsi olaraq illik körpə nərəcinsli balıq buraxılışının bir milyon ədədə çatdırılması hədəflənir. Həmçinin proqnoz göstəricilərinə əsasən, gələn il bir milyon ədəd kütüm (Rutilus kutum), 2 000 000 ədəd çəkikimilər (Cypriniformes) buraxılışı nəzərdə tutulur".