Pressa.az » Ölkə » Avtobuslarda bank kartları ilə ödəniş aktivləşdirilir

Avtobuslarda bank kartları ilə ödəniş aktivləşdirilir

20 dekabr 2025, Şənbə, 12:19
Avtobuslarda bank kartları ilə ödəniş aktivləşdirilir

Bakı şəhərində ilk dəfə olaraq avtobus marşrutlarında NFC sistemini dəstəkləyən bütün yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" vasitəsilə nağdsız ödəniş mexanizminin tətbiqinə start verilir.

Bu barədə Liderxeber.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Layihənin pilot mərhələsi çərçivəsində, ilk olaraq 500 nömrəli marşrut xəttində (metronun "20 Yanvar" stansiyası - Sumqayıt şəhəri) tətbiq edilib.

Pilot layihə bir-üç gün müddətində sınaqdan keçiriləcək. Nəticələr təhlil edilməklə sistemin tətbiqinin genişləndirilməsi nəzərdə tutulur. Bununla da Bakıdakı bütün marşrut avtobuslarında NFC ödəniş sistemini dəstəkləyən bütün yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" tam şəkildə tətbiq olunacaq.

Yeni sistem sərnişinlərə əlavə üstünlüklər də təqdim edir. Artıq nağd pul və ya fiziki "BakıKart" daşınmasına ehtiyac qalmır - telefon, ağıllı saat, bank kartı və ya NFC funksiyalı digər cihazlar vasitəsilə saniyələr içində ödəniş etmək mümkündür. Cihazı validatora yaxınlaşdırmaq kifayətdir - ödəniş dərhal tanınır və əməliyyat tamamlanır.

Sərnişinlər avtobuslarda ödəniş etdikdə, yalnız NFC dəstəkli bank kartları, həmçinin smartfon və "BakıKart"dan istifadə etməlidirlər.

Məlumat üçün bildirək ki, "MasterCard" və "Visa" kartları ilə ödəniş sistemi ölkə ərazisində bir sıra şəhərlərdə, o cümlədən Gəncə və Şamaxıda artıq tətbiq olunur.