“ABŞ-İran müharibəsinin qarşısını almağa çalışırlar”
Türkiyə və Fars körfəzi ölkələri, o cümlədən Qətər, Oman və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ABŞ və İran arasında yeni müharibənin qarşısını almağa çalışırlar.
Liderxeber.az xəbər verir ki, bu barədə xarici mətbuat orqanları yazırlar.
“Financial Times” qəzetinin məlumatına görə, ərəb və müsəlman dövlətləri iki ölkə arasında gərginliyi azaltmaq məqsədilə həm ABŞ, həm də İranla danışıqlar aparırlar.
“Onlar xüsusilə ABŞ Prezidenti Donald Trampı İrana zərbə endirməkdən çəkindirməyə çalışırlar. Narahatdırlar ki, bu addım Yaxın Şərqdə daha genişmiqyaslı münaqişəyə səbəb olar. Eyni zamanda Tehranı Fars körfəzindəki neft və qaz obyektlərini hədəf almağa məcbur edə bilər”, - qəzet yazır.
Adı açıqlanmayan diplomatın sözlərinə görə, danışıq iştirakçıları gərginliyin azaldılması üçün səy göstərməyə davam edirlər, lakin hələ də heç bir irəliləyiş əldə olunmayıb.
Türkiyənin “Hürriyet” qəzeti isə iddia edir ki, rəsmi Ankara bu məsələdə İrandan daha çox səy göstərir.
“Ankaranın hər iki tərəflə əlaqələrindən belə nəticəyə gəlmək olar ki, həm ABŞ, həm də İran vəziyyətin danışıqlar yolu ilə həllində maraqlıdırlar və bu prosesin təşviq edilməsinə ehtiyac duyurlar. Lakin tərəflər arasında qarşılıqlı etimadın olmaması əsas problem olaraq qalmaqdadır”, - nəşr qeyd edir.
