Tərtərdə 19 yaşlı qadının doğuş zamanı ölməsinin Detallar açıqlandı
Tərtər Rayon Mərkəzi Xəstəxanası gənc qadının doğuş zamanı ölməsi ilə bağlı yayılan məlumatın detallarını açıqlayıb.
Xəstəxanadan Liderxeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2007-ci il təvəllüdlü pasiyent martın 12-də saat 17:00 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə 39-40 həftəlik hamiləlik, baş gəlişi, doğuşun I dövrü diaqnozu ilə daxil olub:
"Aparılan tibbi müşahidə və nəzarət fonunda saat 18:30 radələrində fizioloji doğuş baş verib.
Doğuşdan sonrakı dövrdə zahı qadının ümumi vəziyyətində kəskin pisləşmə qeydə alınıb. Pasiyentə dərhal mövcud klinik vəziyyətə uyğun olaraq reanimasiya və intensiv terapiya tədbirləri həyata keçirilib.
Görülən bütün zəruri tibbi müdaxilələrə baxmayaraq, 12.03.2026-cı il tarixində saat 21:50-də pasiyentin bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tərtər rayon şöbəsinə təhvil verilib.
Hadisənin səbəblərinin dəqiqləşdirilməsi məqsədilə müvafiq araşdırma aparılır.
Ölümün bilavasitə səbəbinin dəqiq müəyyənləşdirilməsi patoloji-anatomik müayinə (təşrih) nəticəsində məlum olacaq".
Tərtər rayonunda gənc qadın xəstəxanada doğuş zamanı ölüb.
Liderxeber.az-ın məlumatına görə, hadisə martın 12-də baş verib.
Rayonun Hacıqərvənd kənd sakini, 2007-ci il təvəllüdlü Röya Allahverdiyeva hamiləliklə bağlı Tərtər Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə gətirilib. O, doğuş zamanı dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır
Həmçinin xəstəxanadan bildirilib ki, yenidoğulmuşun vəziyyəti qənəatbəxş olaraq qiymətləndirilir.
