Pressa.az » Ölkə » “44 GÜN – TARİXİ ZƏFƏR” kitabının IV cildi təqdim olunub

“44 GÜN – TARİXİ ZƏFƏR” kitabının IV cildi təqdim olunub

11 aprel 2026, Şənbə, 18:20
“44 GÜN – TARİXİ ZƏFƏR” kitabının IV cildi təqdim olunub

Bu günlərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının qiymətli nəşrlərindən sayılan “44 gun -Tarixi zəfər” adlı coxcildliyin IV cildi azərbaycan və ingilis dillərində işıq üzü görüb və ictimaiyyətə təqdim olunub.

Liderxeber.az xəbər verir ki, təqdimat Sumqayıt Dövlət Dram Teatrının konfrans zalında keçirilib.

Vətənin azadlığı yolunda şəhid olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Şəhid Vüsal Şükürova həsr olunan sənədli film nümayiş olunub. Maraqla qarşılanan bu təsirli film “Vətən daşı...və ya 44 günün dastanı” adlı layihə əsasında çəkilən səkkiz sənədli filmdən biridir ki, redaksiya heyəti tərəfindən ərsəyə gəlib. 

Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Tərlan Hacı-zadə Xatirə Kitabı Redaksiyasının yeni işıq üzü görən cildliyi barədə məlumat verərək kitabın şəhidlərimizin adının əbədiləşdirilməsinə verilən böyük töhfə olduğunu vurğulayıb. O, öz nitqində qeyd edib ki, şəhər rəhbərliyinin göstərişi ilə 528 şəhidin uyuduğu Sumqayıt Şəhidlər Xiyabanı yenidən qurulub. Bu gün Sumqayıt təkcə kimyaçılar, gənclik şəhəri kimi deyil, həm də qəhrəmanlar şəhəri kimi tanınır. Hər bir şəhidin həyat hekayəsi dastana çevrilib. 

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədovaya söz verilib. Baş redaktor N.Məmmədova təqdimata toplaşanlara redaksiyanın müasir Azərbaycanın qurucusu və memarı, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradıldığını və onun xeyir-duası ilə fəaliyyətə başladığını qeyd edərək Respublika Xatirə Kitabı Redaksiyasının müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik tarixi salnamə və həyatımız üçün mühüm hadisə olduğunu diqqətə çatdırıb. Nəzakət Məmmədova geniş və ətraflı çıxışında bildirib ki, Respublika Xatirə Kitabında əsasən, İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlarımız haqqında əhatəli materiallar cildlərə salınır. Bugünkü və gələcək nəsillər üçün tarixi hadisə kimi xarakterizə edilir. Yaddaşımızın abidəsi kimi adlandırılan bu kitabda tarixin səs-sədası, milli kimliyimiz örnək nüanslar kimi səciyyələnir və burada “Heç kim unudulmur, heç nə yaddan çıxmır” prinsipi əsas götürülür.

Redaksiya Vətən uğrunda qəhrəmanlıqla həlak olan, xalqımıza tarixi zəfər bəxş edən cəsur oğulların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə “44 gün - Tarixi zəfər”adlı dörd cilddə kitab nəşr etdirib, onların təqdimatlarını keçirib. Bu kitablar Azərbaycanın hər yerində şəhid ailələrinə çatdırılıb.

Respublika Xatirə Kitabı yaddaşımızın tarixi salnaməsidir və redaksiya hazırda dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı altında bugünkü və gələcək strateji işlərini də eyni məhəbbət və həvəslə davam etdirmək üçün əzmlə çalışır.

Kitabın təqimatında iştirak edən şair-publisist Rəfail Tağızadə Vətənin azadlığı yolunda şəhid olmuş şəxslərin xatirələrinin əbədiləşməsindən, adlarının gələcək nəsillərə çatdırılmasında tarixi yaddaş olan kitabların yazılmasından, dərc olunmasının vacibliyindən və əhəmiyyətindən bəhs edib. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı Rəfail Tağızadənin “Şəhidim” şeirini söyləyib. Şəhid Vəli Vəliyevin atası Kamran Vəliyev, şəhid Pərvin Təhməzovun anası Əsli Təhməzova, şəhid Elnur Səmədovun ömür-gün yoldaşı Aynur Səmədova, şəhid Rəsul Sadıqovun nənəsi Səkinə Sadıqova şəhidlərin xatirəsinin kitablarda əbədiləşdirilməsinin onlara böyük təsəlli, gələcək nəsillər üçün örnək olduğunu, özlərinin bu dünyadan köçüb getsə də, övladlarının əbədi yaşayacağı kimi düşüncələrini bölüşərək kitabın baş redaktoru Nəzakət Məmmədovaya minnətdarlıq ediblər.

Sumqayıt şəhəri və Abşeron rayonundan olan şəhidlər haqqında əlifba sırası ilə ensiklopedik məlumatlar yer alan çoxcildli “44 gün - Tarixi zəfər” adlı IV cildi şəhid ailələrinə təqdim olunub. 

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova tədbirin keçirilməsinə yaradılan lazımi şəraitə görə Sumqayıt şəhər və Abşeron Rayon İcra Hakimiyyətlərinə, əziyyəti olanlara dərin təşəkkürünü bildirib və sonda xatirə şəkilləri çəkilib. 

RƏNA TƏBƏSSÜM,

AJB-nin və AYB-nin üzvü