Pressa.az » Ölkə » Hörmüz boğazı mərhələli şəkildə açılacaq - Razılaşmanın detalları məlum oldu

Hörmüz boğazı mərhələli şəkildə açılacaq - Razılaşmanın detalları məlum oldu

25 may 2026, Bazar ertəsi, 18:41
Hörmüz boğazı mərhələli şəkildə açılacaq - Razılaşmanın detalları məlum oldu

İranın ABŞ ilə əldə etdiyi razılaşma çərçivəsində Hörmüz boğazının gəmilərin keçidi üçün açılması prosesi mərhələli şəkildə baş tutacaq.

Liderxeber.az xəbər verir ki, bu barədə "Washington Post" nəşri iranlı rəsmilərə istinadən məlumat yayıb.

"İlk mərhələdə ABŞ İranın 12 milyard dollar həcmindəki dondurulmuş aktivlərini sərbəst buraxacaq, boğazın minalardan təmizlənməsi prosesinə başlanılacaq və Amerikanın blokadası ləğv ediləcək", - deyə məlumatda bildirilib.

Qəzetin yazdığına görə, ABŞ və İran müharibənin sona çatması barədə yekun razılaşma əldə edilənə qədər atəşkəs rejimini 60 gün müddətinə uzadacaq "çərçivə sazişi" hazırlayıblar.

ABŞ Administrasiyasının yüksəkvəzifəli nümayəndəsinin sözlərinə görə, bu müddət ərzində Hörmüz boğazı minalardan təmizlənərək yenidən istifadəyə veriləcək.

O, həmçinin əlavə edib ki, İranla müqavilə hələ rəsmən imzalanmayıb və onun nə dərəcədə məcburi xarakter daşıyacağı hələlik məlum deyil.

Vəziyyətlə yaxından tanış olan diplomatın deməsinə görə, hazırda Vaşinqton Tehranın cavabını gözləyir. Onun sözlərinə görə, razılaşma əldə olunduqdan sonra İran dərhal Hörmüz boğazını açacaq və 30 gün ərzində gəmiçiliyin müharibədən əvvəlki səviyyəyə qaytarılmasını təmin etmək üçün müvafiq addımlar atacaq.

İddia olunur ki, bununla yanaşı, İran, ABŞ və onların müttəfiqləri, Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatları dərhal dayandıracaqlar.

Təklifə həmçinin İranın nüvə silahı hazırlamamaqla bağlı öhdəliyi və zənginləşdirilmiş uranın məhv edilməsinə razılıq verməsi də daxildir.

Bundan əvvəl "The New York Times" qəzeti ABŞ və İranın Hörmüz boğazının açılması ilə bağlı ümumi razılığa gəldiyini bildirmişdi.

Mayın 24-də isə "Axios" portalı amerikalı rəsmiyə istinadən yazmışdı ki, Vaşinqton və Tehran atəşkəsin daha 60 gün uzadılmasını, eləcə də Hörmüz boğazının açılmasını nəzərdə tutan memorandumun imzalanmasına yaxındırlar.

Bununla belə, mayın 25-də İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bəyan edib ki, Hörmüz boğazının idarə olunması ilə bağlı məsələlər İran və ABŞ arasındakı anlaşma memorandumuna daxil edilməyib.