Pressa.az » Ölkə » Azərbaycan-Mərkəzi Asiya əlaqələrinin inkişafı böyük imkanlar vəd edir

Azərbaycan-Mərkəzi Asiya əlaqələrinin inkişafı böyük imkanlar vəd edir

18 sentyabr 2023, Bazar ertəsi, 17:19
Azərbaycan-Mərkəzi Asiya əlaqələrinin inkişafı böyük imkanlar vəd edir

Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən xarici siyasət kursunun prioritet istiqamətlərindən biri beynəlxalq əlaqələrin inkişaf etdirilməsi və bu əsasda dost ölkələrlə münasibətlərin möhkəmləndirilməsidir. Aydın şəkildə görünür ki, son illər dünyada baş verən proseslər, kataklizmlər, qütbləşmələr ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etmək və ümumi səylər göstərməyi tələb edir. Bu mənada Azərbaycanın son illər sərgilədiyi xarici siyasət sözün əsl mənasında möhtəşəmdir. Belə ki, Ölkəmizin Qərblə paralel olaraq Şərqlə də, o cümlədən Mərkəzi Asiya ölkələri, türk dövlətləri ilə münasibətlərində böyük canlanma və inkişaf diqqəti çəkir.

Son illər Türk dünyası ölkələri arasında yaranmış və inkişaf edən birlik və bu birlikdən irəli gələn inkişaf genişlənərək dərinləşmiş, strateji xarakter almışdır. Artıq Azərbaycanın nəinki regionda, eləcə də dünyada artan nüfuzu, Ölkəmizin beynəlxalq münasibətlərdə sərgilədiyi siyasət, yaratdığı etibarlı tərəfdaş imici onun istənilən platformada iştirak və imzasını labüd etmişdir. Bu mənada cənab Prezident İlham Əliyevin 14 sentyabr tarixində Düşənbədə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirakı qeyd etdiklərimizin bariz sübutudur.

Möhtərəm İlham Əliyevin görüş çərçivəsində dərin məzmunlu çıxışı, bu gün demək olar ki, dünya üçün bir çağırışdır. Tarixə nəzər saldıqda görürük ki, .Azərbaycan və Mərkəzi Asiya ölkələrini, o cümlədən xalqlarımızı çoxəsirlik qardaşlıq münasibətləri, ortaq mədəni köklər bağlayır. Bu gün Mərkəzi Asiya regionu tarixi-mədəni, strateji coğrafi ərazi kimi həm şərq, həm də qərblə bağlantı qurmaq üçün önəmli imkanlara sahibdir. Məhz cənab Prezident İlham Əliyev öz nitqində qeyd etdiyi kimi, artıq sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələr həyata keçirilir. Mehmanxana işi və turizm sahəsindəki sərmayə layihələri ilk icra mərhələsindədir. Qeyd edək ki, Mərkəzi Asiyadan olan şirkətlərin Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına maraqları getdikcə artmaqdadır. Heç şübhəsiz qeyd edilənlər  hərtərəfli əlaqələrin daha da dərinləşməsinə və möhkəmlənməsinə xidmət edir.

Səid Qüdrətov;

Neftçala rayon gənci, Vətən Müharibəsi iştirakçısı