Pressa.az » Ölkə » Şuşada I Türk Dünyası Mədəniyyət Forumu keçirilir

Şuşada I Türk Dünyası Mədəniyyət Forumu keçirilir

13 oktyabr 2023, Cümə, 16:01
Şuşada I Türk Dünyası Mədəniyyət Forumu keçirilir

Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı, qədim söz-sənət beşiklərimizdən olan Şuşa şəhəri növbəti beynəlxalq tədbirə ev sahibliyi edir. 13-14 oktyabr tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə şəhərdə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə I Türk Dünyası Mədəniyyət Forumu keçirilir.

Mədəniyyət Nazirliyindən LiderXəbər verilən xəbərə görə, forum iştirakçıları və qonaqlar Şuşa Yaradıcılıq Mərkəzini ziyarət edərək "Heydər Əliyev və Qarabağ" adlı sərgi ilə tanış olublar.

Sərgidə Ulu öndər Heydər Əliyevin sovet dövründə Azərbaycanın Qarabağ bölgəsində sosial, iqtisadi, siyasi və mədəni inkişaf istiqamətlərində xidmətlərini əks etdirən unikal fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur. Həmçinin sərgidə Ümummilli liderin Qarabağa səfərləri, burada keçirdiyi görüşlər, müxtəlif tədbirlərə aid fotoları da yer alır.

Daha sonra forum iştirakçıları şəhərdəki Saatlı məscidinə baş çəkib. Qonaqlara məscidin tarixi barədə məlumat verilib. Bildirilib ki, Şuşanın Saatlı məhəlləsində yerləşən eyniadlı məscid ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb. Saatlı məscidi Qarabağda bir neçə monumental dini və mülki tikilinin, o cümlədən Şuşada Aşağı və Yuxarı Gövhər ağa məscidləri, Ağdamda Cümə məscidi və Bərdə İmamzadə türbəsinin memarı olan Kərbəlayı Səfixan Qarabağinin layihəsi əsasında 1883-cü ildə inşa olunub.

Saatlı məscidində sonuncu dəfə ötən əsrin 80-ci illərində təmir-bərpa işləri aparılıb. 1992-ci il mayın 8-də Şuşa Ermənistan tərəfindən işğal olunduqdan sonra Saatlı məscidi talan edilmiş, minarəsi dağıdılmışdı. Şəhər müzəffər Azərbaycan Ordusu tərəfindən azad olunandan sonra məsciddə bərpa işləri aparılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev 2021-ci il yanvarın 14-də Şuşaya səfəri zamanı Saatlı məscidinə də baş çəkib. Dövlət başçısı məscidə Məkkədən gətirilmiş “Qurani-Kərim” hədiyyə edib.