Pressa.az » Ölkə » Dünən Xankəndi-Laçın yolunda 95 avtomobil maneəsiz hərəkət edib

Dünən Xankəndi-Laçın yolunda 95 avtomobil maneəsiz hərəkət edib

03 fevral 2023, Cümə, 07:58
Dünən Xankəndi-Laçın yolunda 95 avtomobil maneəsiz hərəkət edib

Dünən gün ərzində Şuşadan keçən Xankəndi-Laçın yolunda, ümumilikdə, 95 nəqliyyat vasitəsinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

LiderXəbər xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin Laçından Xankəndi və əks istiqamətə maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Həmin nəqliyyat vasitələrinin 81-i Rusiya sülhməramlılarına məxsus təminat-təchizat, minik və yük avtomobilləri olub.

Yolda maneəsiz hərəkət edən digər nəqliyyat vasitələri isə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus olub. Onlar 6 minik və 1 yük avtomobili olmaqla səhər saatlarında Xankəndidən Laçın istiqamətinə keçid edib.

Daha sonra BQXK-yə məxsus həmin sayda avtomobillər əks istiqamətə geri qayıdıblar.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.