20 Noyabr Ağdam şəhəri günüdür!
Tarixi minillikləri adlayan, ilk insan məskənlərinin yaşı 6-8 min il bundan əvvələ təsadüf edən, 1930-cu ildə rayon kimi yaradılan Ağdam Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində yerləşən füsunkar təbiətə malik olan bir rayondur.
Qarabağın mərkəzində yerləşən Ağdam rayonu özünün abidələri ilə mənəvi irsimizi özündə yaşadan dilbər guşələrdən biridir. Rayonun infrastrukturu hələ Sovetlər dönəmində mühüm əhəmiyyət kəsb etmişdir. Ağdamın gözəlliyinin nəticəsi idi ki, daim mənfur qonşularımız cənnət guşəsi olan Qarabağın digər rayonları kimi, buranı da diqqətində saxlamış, hər vəchlə bu torpaqları işğal etməyə can atmışlar.1992-ci ildə Azərbaycanın siyasi həyatındakı boşluqlar, hərc-mərclik o zaman Ölkəmizin gücünü xeyli zəiflətmişdi. Yarıtmazların iş başına keçməsi, ölkəni həm daxildə iflic etmiş, həm də xaricdən gələn təhlükə qarşısında çıxılmaz vəziyyətdə qoymuşdu. Məhz belə bir vəziyyətdə Azərbaycana qarşı ərazi iddiası adı altında savaş açan ermənilər Qarabağın işğalını sürətləndirirdilər.
O zaman Ağdam 42 gün müqavimət göstərdi, düşmən hücumlarının qarşısını aldı, lakin 42 günlük inadlı müdafiə əzmi 1993-cü il 22 iyulda qırıldı. Ağdamın çox hissəsi erməni vandallarının işğalı altına düşdü. Belə ağır şəraitdə müstəqilliyinin itirilməsi təhlükəsi yaşandığı bir zamanda xalq onu aydınlığa çıxara biləcək qüvvənin məhz Heydər Əliyev olduğunu anlamış və yenicə hakimiyyətə gətirmişdi. Dahi Leder hakimiyyətə gəldiyi ilk gündən Ölkəmizin güclənməsi üçün bütün qüvvəsini səfərbər etdi. İlk olaraq, daxildə sabitliyi bərpa edən Ulu Öndər beynəlxalq aləmdə də dövlətimizi nüfuz sahibi etmək üçün diplomatik səy nümayiş etdirdi.
Qısa zaman kəsiyində çevik düşüncəsi, iti zəkası hesabına Azərbaycanın iqtisadi, siyasi, hərbi gücünün artmasını təmin edən dahi rəhbər ölkəni regionun ən güclü dövləti olması üçün bir sıra addımlar atdı. Azərbaycan Ümummilli liderin apardığı uğurlu diplomatiya nəticəsində qısa zamanda nəinki regionda, hətta dünyada söz sahibi oldu. Söz sahibi olan Azərbaycan əbədi və əzəli torpaqlarınında tək hakim olmaq üçün düşmənlə ciddi danışıqlar apardı. Sülh niyyətli danışıqlar hər dəfə düşmən tərəfindən pozulsa da, bacarıqlı rəhbərimiz siyasət masasından heç vaxt məğlub ayrılmadı. O inanırdı ki, gec-tez o torpaqlar əsl sahiblərinə qayıdacaq. Elə bütün düşüncələrini də bu istiqamətə yönəldirdi. “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə, Azərbaycan yoxdur!”-deyərək bu istiqamətdə mübarizə apardı, özündən sonra gələcək iqtidara da bunu vəsiyyət elədi. Ümummilli liderdən sonra Azərbaycanda hakimiyyətə gələn cənab ilham Əliyev Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olaraq, ata vəsiyyətini şərəflə yerinə yetirdi.
Düşməni bütün danışıqlarda məlub edən Ölkə başçısı cənab İlham Əliyev dünyanın diqqətini işğal altında olan Qarabağa yönəltməyə çalışdı. Düşmən siyasət meydanında uduzduğunu dərk edir və hər dəfə imkan əldə edən kimi cəbhədə təxribatlar törədirdi. Növbəti dəfə düşmən təxribata əl atdığı zaman ordumuz Ali Baş Komandan, məğrur və mətin sərkərdə cənab İlham Əliyevin əmri ilə əks-hücum tədbirlərinə başladı. 44 gün sürən, tariximizə Zəfər savaşı adı ilə yazılan Vətən müharibəsi düşmənə kimliyimizin həqiqi üzünü göstərdi. Yüz illərlə xülyalar quran, “dənizdən-dənizə Ermənistan” yaratmaq istəyi ilə yaşayan xəyalpərəstlərin xəyallarını elə Qarabağ səmasında güllələdi mərd oğullarımız. 2020-ci il 27 sentyabrda başlayan, 2020-ci il 10 noyabrda kapitulyasiya aktına düşmənin imza atması ilə bitən 44 günlük Zəfər savaşımızda bütün Qarabağ torpaqları kimi Ağdam da azad olundu.
Danışıqlara görə 20 noyabrda bir güllə belə atılmadan Ağdam təhvil verildi. Elə bunun şərəfinə də cənab Prezidentimizin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 noyabr tarixi Ağdam şəhəri günü kimi müəyyən olub. Bundan sonra hər il 20 noyabrı Ağdam Günü kimi qeyd edəcəyik. Bu gün sevinirik. Sevinirik ki, bir vaxtlar ürəyimizə ağır yük olan qara hərfli günlər təqvimimizdən silinib, qırmızı hərfli günlər bəzəyib təqvimimizi. İnanıram ki, bu qırmızı rəngli günlərin sayı təqvimimizdə çox olacaq. Qarabağın bütün rayonları əvvəlki qüdrətini bərpa edəcək. Ali Baş Komandanımız, cənab Prezidentimizin yürütdüyü siyasət nəticəsində Ölkəmiz bölgə-bölgə daha da güclənəcək. çiçəklənən Respublikamızın əzəmətli rayonlarından biri olan Ağdam da öz əvvəlki simasını bərpa edəcəkdir. Ağdam gözəlləşdikcə əzəli simasını bərpa etdikcə Ağdam səmasında keşik çəkən şəhid ruhları da rahat uyuyacaq.
Elnur Abdiyev ;
Neftçala rayonu, yazar-müəllim