Pressa.az » Ölkə » Əkinçilik ET-də Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd olunub

Əkinçilik ET-də Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd olunub

12 dekabr 2023, Çərşənbə axşamı, 15:34
Əkinçilik ET-də Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd olunub

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd edilib. Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
 
Anım tədbirini institutun direktoru Faiq Xudayev giriş sözü ilə açaraq diqqətə çatdırıb ki, xalqımız 12 dekabr tarixini Ulu Öndər Heydər Əliyevin anım günü olaraq məhəbbət və minnətdarlıq hissi ilə qeyd edir. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub. 
 
Sonra anım tədbirində institutun əməkdaşları Ümummilli Lideri Heydər Əliyev haqqında ürək sözlərini səsləndiriblər. Diqqətə çatdırılıb ki, göstərdiyi yüksək diqqət və qayğı ilə, imzaladığı fərman və sərəncamlarla, keçirdiyi çoxsaylı görüşlərlə, söylədiyi dərin məzmunlu nitqlərlə uzaqgörən sərkərdə milli sərhəd siyasətimizi formalaşdırmış, ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını zərgər dəqiqliyi ilə müəyyənləşdirmişdir. Bu siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Vətən müharibəsindəki möhtəşəm qələbədə öz vətəndaşlarına nə qədər bağlı olduğunu, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini bir daha əyani göstərdi. Döyüşlərin getdiyi 44 gün ərzində cənab İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi sərgilədi, informasiya müharibəsində Azərbaycanın haqq səsini məharətlə bütün dünyaya yaydı, bütün təzyiqlərə cəsarətlə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik, müdriklik rəmzinə çevrildi. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin  və onun yaxın silahdaşı Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətdə əldə etdiyi hər bir uğur Dahi Öndərin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyaların təntənəsidir.