Sevda Quliyeva Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında tələbələrlə görüşüb
Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Dövlət Gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Sözsüz ki, hər bir cəmiyyət və dövlət üçün gənclərin savadlılığı, onların ətrafda baş verənlərə yanaşması, onların sosial vəziyyəti, məşğulluğu çox önəmlidir.
LiderXəbər xəbər verir ki, dekabrın 15 - də “Talent Staff and Business Solutions” Şirkətinin rəhbəri, HR istiqamətində ixtisaslaşmış Sevda Quliyevanın “Talantların müəyyən edilməsi və istiqamətləndirilməsi“ mövzusunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında tələbələrlə görüşü baş tutmuşdur.
Tədbiri giriş sözləri ilə açan Dövlət İdarəçilik Akademiyasının müşaviri Zaur Məmmədov düzgün ixtisaslaşma, iş seçimi və karyera mövzusunun aktuallığına toxunmuş və sözü qonağa vermişdir.
Bu sahədə kifayət qədər təcrübəsi olan Sevda Quliyeva tələbələrin düzgün peşə seçimi, karyerada inkişaf metodları, iş seçimi qaydaları, iş seçimi zamanı diqqət yetirilməli olan nüanslar, müsahibə və müsahibənin etik qaydaları, karyera planlaması və karyerada yüksəliş, şirkətlərin insan resursları sahəsində kadr seçimi və siyasəti, insan resursları strategiyası kimi mövzular ətrafında öz bilik və təcrübəsini tələbələrlə bölüşmüşdür. O, hazırda əmək bazarında cərəyan edən trendlər, tələb və çağırışlar haqqında geniş şəkildə tələbələri məlumatlandırmışdır. Sevda Quliyeva yüksək peşakarlıqları ilə seçilən gənc kadrların istər dövlət, istərsə də qeyri - dövlət sektorundakı uğurlarının təməlində məhz əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda prezident İlham Əliyev tərəfindən davam etdirilən gənclər siyasətini xüsusiylə vurğulamışdır.
Tədbir gənclərin çoxsaylı sualları və müraciətləri ilə yekunlaşmışdır.