SOCAR 373 Azərbaycan vətəndaşının Türkiyədən təxliyəsinə dəstək göstərir
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə müvafiq tədbirlər həyata keçirir.
Liderxəbər xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
"Bir neçə istiqamət üzrə icra edilən tədbirlərə zəlzələdən zərər görən Hatay, Adıyaman, Qaziantep, Kahramanmaraş və Şanlıurfa kimi şəhərlərdə fasiləsiz olaraq bütün təcili yardım, yanğınsöndürmə və digər xilasetmə maşınlarına pulsuz benzin və dizel təchizatı, o cümlədən zəlzələ bölgəsindən 373 Azərbaycan vətəndaşının təxliyəsinə dəstək göstərilməsi, zərər çəkən həmkarlarımız və onların yaxınlarının zəruri ehtiyaclarının təmin edilməsi, habelə Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) və AHBAP xeyriyyə cəmiyyətinə birbaşa ianələrin göndərilməsi, paltar, su, qida məhsulları, uşaq bezləri, çadır, generator, dərman preparatları kimi təcili ehtiyacların qarşılanması daxildir", - məlumatda deyilir.
Bildirilir ki, həmçinin, SOCAR-ın Türkiyədəki əməkdaşları tərəfindən bir sıra dəstək tədbirləri həyata keçirilib: "Bu xüsusda 3-ü həkim olmaqla, ümumilikdə 25 həmkarımız birbaşa axtarış-xilasetmə işlərinə cəlb olunub, eyni zamanda, əməkdaşlarımız tərəfindən AFAD, Kızılay və AHBAP platformalarına fərdi ianələr edilib".
Hazırda zəlzələdən zərər çəkən bölgələrə dəstək tədbirləri fasiləsiz olaraq davam etdirilir, SOCAR qeyd edir.