Uşaq hüquqları haqqında yeni qanun layihəsi hazırlanıb
Yetkinlik yaşına çatmayanlar bir çox hallarda öz hərəkətlərinin məsuliyyətini dərk etmirlər. Lakin qanunvericilikdə yetkinlik yaşına çatmayanların hərəkətlərinin doğuracağı məsuliyyətlər öz əksini tapıb. İstənilən hərəkətin hüquqi nəticəsi olur.
LiderXəbər xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib. O bildirib ki, zorakılığa məruz qalan yetkinlik yaşına çatmayanlar belə hallarda hara müraciət etməli olduqlarını bilmirlər.
Taliyə İbrahimova deyib ki, uşaqlar arasında hüquqi maarifləndirməyə ehtiyac var:
“Dünən sosial şəbəkə platformalarında yetkinlik yaşına çatmayanların videosu yayıldı. Orada şəxsiyyətin alçaldılması, saçının kəsilməsi əks olunmuşdu. Bu əməllər məsuliyyət yaradır. Görünür, o əməli törədən uşaq əməlinin hüquqi məsuliyyət yaradacığını bilmir. Bəzən uşaqlar düşünürlər ki, onlar uşaqdırlar deyə məsuliyyətdən yayınacaqlar, valideynləri ilə görüşüləcək, profilaktik söhbət aparılacaq, vəssalam. Lakin uşaqlar bilməlidirlər ki, qanunla 15 yaşdan inzibati, 16 yaşdan törədilən əmələ görə cinayət məsuliyyəti yaranır”.
“Uşaq hüquqları haqqında yeni qanun layihəsi hazırlanıb və hazırda dövlət qurumları tərəfindən rəylər toplanılır. Həmin qanun layihəsindən irəli gələrək uşaqların bir-birinə qarşı bu cür aqressiv davranışının qarşısını almayan şəxslərə qarşı məsuliyyət nəzərdə tutulacaq. Eyni zamanda, təhsil müəssisələrində bu cür faktların vaxtında qarşısının alınması üçün xüsusi mexanizmin yaradılması nəzərdə tutulur”, - deyə o qeyd edib.