Pressa.az » Ölkə » Şanlı Azərbaycan bayrağı ölkəmizin hər yerində olduğu kimi Xocalıda da vüqarla dalğalanır     

Şanlı Azərbaycan bayrağı ölkəmizin hər yerində olduğu kimi Xocalıda da vüqarla dalğalanır     

26 fevral 2024, Bazar ertəsi, 09:20
Şanlı Azərbaycan bayrağı ölkəmizin hər yerində olduğu kimi Xocalıda da vüqarla dalğalanır     

Tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə XX əsrin sonlarında Xocalıda üzləşdi. Xocalı qətliamı bəşər tarixində az-az təsadüf olunan dəhşətli cinayətlərdən biri və Ermənistanın ölkəmizə qarşı başlatdığı hərbi təcavüzünün kulminasiya nöqtəsi idi.

Məhz o gün - 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndində yerləşdirilmiş 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalı şəhərinə girdiyi və bəşəri cinayəti–Xocalı soyqırımını  törətdiyi gündür. Həmin gün Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri yaşandı. Xocalı soyqırımı…qanunsuz, terrorçu, vandal, insanlıqdan xəbəri olmayan erməni hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərinə girərək 613 dinc, əliyalın sakini vəhşicəsinə qətlə yetirdi, 1000 nəfər müxtəlif  yaşlı sakin aldığı güllə yarasından əlil oldu, 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil.

Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb canını qurtarmaq istəyərkən əvvəlcədən planlaşdırılmış pusqularda qətlə yetirildilər. O zaman Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzinin məlumatında göstərilirdi ki,  dörd gün ərzində yalnız Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilib, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilib. Ağdamda 181 meyit (13-ü uşaq olmaqla 130 kişi və 51 qadın) məhkəmə-tibbi ekspertizadan keçirilib. Ekspertiza zamanı müəyyən edilib ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olub, 10 nəfər küt alətlə vurularaq öldürülüb. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə alıb. Tarix üçün çox keçmiş sayılmayan bu hadisənin şahidləri, çəkilmiş foto və video görüntülər, bunun kimi təkzibedilməz yüzlərlə fakt hadisənin soyqırımı olduğunu şəksiz sübut edir. BMT-nin soyqırımı ilə bağlı bütün müddəalarının uyğun gəldiyi, insanlığa sığmayan vəhşiliyin, qəddarlığın törədildiyi bu faktı dünyanın ədalətli, haqqa, hüquqa hörmət edən dövlət və qurumları soyqırımı, qətliam kimi tanımış, Ölkəmizin səsinə səs vermişlər. Qandonduran vəhşilikləri etməyi bacaran ermənilər bu hadisə ilə əsl simalarını ortaya qoymuşlar.

Mənfur düşmən xislətinə sadiq qalaraq, hətta sağ qalmış insanlar üzərində təhqiredici hərəkətlər etmişlər. Onların başının dərisini soyub, başlarını və bədəninin digər orqanlarını kəsib, uşaqların gözlərini çıxardıb, hamilə qadınların qarnını yarıblar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilib. Bütün bunlar Ermənistanın Cenevrə Konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı soyqırım həyata keçirdiyini təsdiqləyir. Saymaqla bitməyən cinayətlərini ört-bastır etməyə çalışan havadarlarının bu məqamda niyyətlərini başa düşmək çətin deyil. Ancaq tarix öz işini görür deyirlər. Zamanla haqq-ədalət bərpa olur.

Bu gün Xocalı qurbanları daxil bütün şəhidlərimizin ruhu şaddır. Artıq Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, Qalib Ordumuzun şücaəti, qədirbilən xalqımızın birliyi sayəsində bir zamanlar işğal altında inləyən Xocalı və bunu kimi bütün şəhər, qəsəbə və kəndlərimiz işğaldan azad edilib. Şanlı Azərbaycan bayrağı ölkəmizin hər yerində olduğu kimi Xocalıda da vüqarla dalğalanır.  

Bəxtiyar Məhərrəmov;
Neftçala rayon gənci, Vətən Müharibəsi qazisi