Jalə Əhmədova: “Azərbaycan-NATO münasibətləri inkişaf edir”
Bu gün müdafiə və təhlükəsizlik sahəsində islahatların aparılması Azərbaycanın inkişafı, o cümlədən, onun Avro-atlantik standartlara çatmaq və Avro-atlantik əməkdaşlığı genişləndirmək məqsədi üçün mühüm əhəmiyyət kəsb edir.
Bu baxımdan Prezident İlham Əliyev bir neçə gün öncə martın 17-də NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında Azərbaycan-NATO münasibətlərinə dair mühüm məqamlara toxundu.
Ölkə başçımız bildirdi ki, bu gün Azərbaycanın NATO ilə aparılan dialoqu uğurla davam edir. Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən tarixi ərzində ölkəmizin NATO ilə tərəfdaşlığı müsbət olub. Azərbaycanın Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak etməsi ölkəmiz üçün böyük təcrübə idi. 2021-ci il avqustun sonlarında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar ki, bu da bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir.
Bəyanatda qeyd edildi ki, Silahlı Qüvvələrimizdə aparılan islahatlar yaxşı nəticələr verib. Biz müdafiə imkanlarımızı müasirləşdiririk və bu gün yüksək səviyyəli peşəkarlıq nümayiş etdiririk. Uzun illər davam edən müzakirələrimiz zamanı biz həmişə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında danışırdıq. Artıq üç ildən çoxdur ki, bu məsələ müzakirə mövzuları sırasında yer almır. Çünki Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Azərbaycan BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququndan istifadə edərək münaqişəni hərbi-siyasi yolla həll edib.
Bəyanatda Prezident İlham Əliyev Azərbaycan-Ermənistan sülh prosesi barədə də danışdı. Bildirdi ki, hazırda biz Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik. Azərbaycan sülh təşəbbüsü irəli sürüb və Ermənistanın cavabını gözləyir. Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub. Hal-hazırda sülhə heç vaxt olmadığımız qədər yaxınıq. Xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir. Sülhün bərqərar olunması Cənubi Qafqazda çox ciddi dəyişikliklərə gətirib çıxaracaq.
Qeyd etmək lazımdır ki, bu gün NATO-ya üzv olan ölkələr qaz təchizatı baxımından Azərbaycanın tərəfdaşlarıdırlar. Hazırda Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir. Qarşıdan gələn illərdə tərəfdaşlarımızın sayı daha da artacaq. Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır. Bu isə həm böyük üstünlük, həm də böyük məsuliyyətdir.
Bununla yanaşı, Azərbaycanın yekdilliklə COP29-a ev sahibliyi edəcək ölkə seçilməsi Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin tanınması deməkdir. Zəngin təbii ehtiyatlara, qazıntı yanacağına malik ölkə olaraq Azərbaycan öz tərəfdaşları ilə birlikdə bərpaolunan enerji mənbələrinə sərmayə yatırır və yaxın gələcəkdə bunun bəhrələrini görəcəyik
Jalə Əhmədova
Milli Məclisin deputatı