Füzuli Rayon Mərkəzi Xəstəxanası: Yayılan məlumat həqiqəti əks etdirmir
Kütləvi informasiya vasitələrinin birində "Baş həkimdən şəhid bacısına hörmətsizlik" başlığı altında məlumat dərc olunub.
LiderXəbər xəbər verir ki, yayılan məlumatda bildirilib ki, Füzuli rayon Horadiz qəsəbə sakini, Şəhid Mahir Səfərovun bacısı, şəkər xəstəliyindən əziyyət çəkən Safura Səfərova Füzuli Rayon Mərkəzi Xəstəxanasına yaxınlaşıb və kardioloq Natiqə həkimdən xahiş edib ki, özün pis hiss etdiyindən imkan daxilində onu növbədən kənar qəbul etsin. Safura Səfərova iddia edir ki, Natiqə həkim, sonra isə qəbuluna getdiyi mərkəzin baş həkimi Ceyran Qəhrəmanova deyib ki, "sənin qardaşın köhnə şəhiddir, əsas şəhidlər İkinci Qarabağ müharibəsinin şəhidləridir.
Məsələ ilə bağlı Füzuli Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxladıq. Mərkəzdən LiderXəbər-ə verilən məlumata görə, deyilənlər həqiqəti əks etdirmir.
"Safura Səfərova mərkəzə yaxınlaşıb və şəhid bacısı olduğunu deyərək növbədənkənar qəbul olunmağını istəyib. Həkimlərimiz tərəfindən ona izah olunub ki, növbədə digər şəhid ailələri də var. Vətəndaş narazılıq bildirərək mərkəzdən ayrılıb və digər KİV-lərə şikayət xarakterli açıqlama verib. Füzuli Rayon Mərkəzi Xəstəxanası olaraq hər zaman şəhid ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşmışıq.
Qeyd edək ki, ölkə qanunvericiliyə əsasən şəhid bacısı şəhid ailəsinin üzvü hesab olunmur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.
Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir:
həyat yoldaşı;
valideynləri;
18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək) uşaqları;
18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları;
18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək) uşaq evlərində tərbiyə olunan qardaş və bacıları;
qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələr;
peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək.