Pressa.az » Ölkə » “Əziz Şuşa biz qayıtmışıq!”

“Əziz Şuşa biz qayıtmışıq!”

14 may 2024, Çərşənbə axşamı, 10:52
“Əziz Şuşa biz qayıtmışıq!”

Çoxəsrlik tariximizin ən parlaq səhifələrinin yazıldığı 44 günlük Vətən Müharibəsinin ardınca işğaldan azad olunan ərazilərin yenidən qurulub-bərpa edilməsi və Böyük Qayıdışın reallaşdırılması bu gün Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas prioritet istiqamətlərdən biridir.

Artıq dörd ilə yaxındır ki, Müzəffər Prezident cənab İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura hər səfəri yeni bir qayıdışın əsasını təşkil edir. Məqsəd isə aydındır. 30 ilə yaxın müddətdə, məhz dünyanın gözü önündə barbar ermənilər tərəfindən viran qoyulmuş tarixi yurd yerlərimizə bu yerlərin əsl sahiblərini qaytarmaq, bir dönəm ölü zonaya döndərilmiş ərazilərimizi canlandırmaq. Böyük Qayıdışın yüksək səviyyədə reallaşmasına xidmət edən addımların miqyasının genişliyi hər birimizin qəlbində böyük qürur hissi yaradır.

Həm də nəzərə alsaq ki, görülən işlər ölkəmizin öz maddi imkanları hesabına reallaşdırılır, bu da öz növbəsində Azərbaycanın gücünü, qüdrətini nümayiş etdirir. Bu günlərdə bir qrup şuşalının öz doğma evlərinə, Şuşaya qayıtmasının, məhz may ayının 10-da, Ulu Öndərin doğum günündə həyata keçirilməsi özlüyündə xüsusi məna daşıyırdı.

Cənab Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva Şuşa şəhərində şuşalıları Azərbaycan xalqı üçün son dərəcə əlamətdar bir gündə - Ümummilli Lider Heydər Əliyevin doğum günüdə qəbul etməsi, onlarla səmimi görüş və söhbətləri hər bir azərbaycanlının fəxrlə izlədiyi səhnələr oldu.  Hər birimiz yaxşı xatırlayırıq ki, 8 Noyabr – Şuşa şəhərinin işğaldan azad olunduğu gündə prezident, Müzəffər Ali Baş Komandan Ulu Öndərin məzarını ziyarət edərək, xalqa qələbə müjdəsi verərkən həm də ata vəsiyyətini yerinə yetirdiyini qeyd etdi.

Cənab İlham Əliyevin təbirincə desək, Şuşa  xalqımızın əyilməz ruhunu tərənnüm edir. Şuşa Zəfərimizin rəmzi, Zəfərimizin tacıdır. Vətən Müharibəsində Şuşa şəhərinin düşmən işğalından azad olunması ilə tarixi Qələbəyə nail olduq. Bu hadisə düşmənin önümüzdə diz çokməsini şərtləndirdi. Ali Baş Komandan bütün çıxışlarında olduğu kimi, şuşalılarla görüşündə də bu məqama xüsusi diqqət çəkərək,  tarixi Zəfərimizdə Azərbaycan xalqının igid oğullarının bu gün dillərə dastan olan qəhrəmanlığından, fədakarlığından bəhs etdi. Ölkə başçısının bütün çıxışları kimi may ayının 10-da Şuşada səsləndirdiyi bütün bəyanatlar yaddaqalan və eyni zamanda əhəmiyyətli məqamlarla zəngin idi. Bəli, bu gün məcburi köçkünlərin doğma yurdlarına qayıdışı xalqımızı çox sevindirir. Cənab Prezident vurğuladı ki, “bu gün artıq Şuşa altıncı yaşayış yeridir ki, keçmiş köçkünlər buraya qayıdır. Dost ölkələrin müəyyən dəstəyinə baxmayaraq, Azərbaycanın təkbaşına reallaşdırdığı bu nəhəng işlər ölkəmizin dünyadakı nüfuzunu durmadan artırır”.

İbrahim Kamalov;
Neftçala rayonu, mədəniyyət işçisi