Pressa.az » Ölkə » Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın Mingəçevirdə iclası keçirilib

Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın Mingəçevirdə iclası keçirilib

27 may 2024, Bazar ertəsi, 18:19
Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın Mingəçevirdə iclası keçirilib

Məlum olduğu kimi, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə dövlətimizin başçısının 2020-ci il 15 aprel tarixli Sərəncamı ilə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Komissiya yaradılıb.

Bu barədə Liderxeber.az-a Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın Katibliyindən məlumat verilib. Bildirilib ki, mayın 27-də Komissiyanın sədri Şahin Mustafayevin rəhbərliyi ilə müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət heyət Mingəçevir su anbarında cari vəziyyətlə yerində tanış olub, daha sonra Komissiyanın iclası keçirilib. Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın fəaliyyəti çərçivəsində ölkədə əsas su anbarlarının iş rejimlərinə ciddi nəzarət olunmaqla, su ehtiyatlarından içməli su təchizatı, suvarma, energetika və digər məqsədlər baxımından planlı, koordinasiyalı və optimal istifadə istiqamətində mütəmadi zəruri tədbirlər həyata keçirilir. Bu baxımdan diqqət yetirilən əsas istiqamətlərdən birini də Kür çayı üzərində yerləşən kaskad tipli Şəmkir-Yenikənd-Mingəçevir-Varvara su anbarları kompleksi təşkil edir. Son vaxtlar Kür çayında su ehtiyatlarının artması ilə bağlı qeyd edilməlidir ki, illər üzrə çoxsulu və azsulu fazalar, habelə gursulu dövrlər nəzərə alınmaqla çoxillik tənzimləmə prinsipi çərçivəsində sözügedən su anbarlarında suyun həcmi gündəlik nəzarətdə saxlanılmaqla operativ qaydada və optimal səviyyədə tənzimlənir.