Salyanda 33 km uzunluğunda yolların yenidən qurulması yekunlaşmaq üzrədir
Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, Salyan rayonunun Ələt–Astara–İranla dövlət sərhədi magistralını Şorsulu, Boranıkənd, Seyidlər, Dayıkənd, Sarvan, Bəydili, Qızılağac və Alçalı kəndləri ilə birləşdirən avtomobil yollarının yenidən qurulması layihəsinin icrası son mərhələdə olmaqla davam etdirilir.
Liderxeber.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, sözügedən kəndlərə gedən yolların ümumi uzunluğu 33 km təşkil edir.
Yenidənqurma işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan və deformasiyaya uğramış yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir.
Yolların eni 8.5-9 metrə qədər genişləndirilib. Bura 6 metr hərəkət hissə və 1-1.5 metr çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.
5.5 km hissəsi yararsız asfalt, 27.5 km hissəsi isə torpaq əsasdan ibarət olan yollarda layihə çərçivəsində deformasiyaya uğramış mövcud örtük və yararsız qrunt qazılıb çıxarılıb, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılaraq yeni yol yatağı inşa edilib. Texnoloji ardıcıllığa uyğun olaraq daha sonra yeni yol əsasının tikintisi yerinə yetirilib və aşınma qatı istisna olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşıb.
Layihə üzrə həmçinin suvarma və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədilə mövcud metal və dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılıb.
Hazırda yol çiyinlərinin bərkidilməsi işləri icra olunur.
Uzun müddət əsaslı şəkildə təmir olunmayan avtomobil yollarının yenidən qurulmasında məqsəd yolboyu yaşayan 16 mindən artıq əhalinin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaq, kənd təsərrüfatının inkişafına təkan verməkdir.