Pressa.az » Ölkə » Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılması barədə Prezidentin sorğusuna baxır

Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılması barədə Prezidentin sorğusuna baxır

27 iyun 2024, Cümə axşamı, 10:31
Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılması barədə Prezidentin sorğusuna baxır

Konstitusiya Məhkəməsi Plenumunun iclası başlayıb.

Liderxeber.az-ın xəbərinə görə, iclasda parlamentin 2024-cü il 21 iyun tarixli “Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Konstitusiyaya uyğunluğu barəsində Prezidentin sorğusuna baxılır.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açaraq Plenumun tərkibini elan edib və müzakirəyə çıxarılan məsələ barədə məlumat verib.

İclasda sorğuverən tərəfin nümayəndələri qismində Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquq siyasəti məsələləri sektorunun müdiri Rüstəm Qasımov və həmin şöbənin Qanunvericiliyin inkişafı sektorunun müdiri Araz Poladov, cavabverən tərəfin nümayəndəsi Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri Fərid Hacıyev və ekspert qismində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov iştirak edirlər.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul olunub.

Parlamentin iyunun 21-də keçirilən plenar iclasında isə Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib. Müraciətin lehinə 105, əleyhinə isə 1 nəfər səs verib.

Qeyd edək ki, iyunun 28-də parlamentin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçiriləcək. Sonuncu iclasla növbədənkənar sessiyaya yekun vurulacaq. Bununla da Milli Məclisin altıncı çağırışı işini yekunlaşdıracaq.