Pressa.az » Ölkə » Ekspert: Azərbaycan Çinin “Bir kəmər, bir yol" təşəbbüsündə strateji baxımdan əlverişli mövqe tutur

Ekspert: Azərbaycan Çinin “Bir kəmər, bir yol" təşəbbüsündə strateji baxımdan əlverişli mövqe tutur

10 iyul 2024, Çərşənbə, 15:06
Ekspert: Azərbaycan Çinin “Bir kəmər, bir yol" təşəbbüsündə strateji baxımdan əlverişli mövqe tutur

Bu yaxınlarda Pekin və Bakı arasında strateji tərəfdaşlıq haqqında sazişin imzalanması böyük əhəmiyyət kəsb edir.

Bu barədə Liderxeber.az-a açıqlamasında pakistanlı politoloq Bəsim Raza məlumat verib.

Onun sözlərinə görə, Çinlə bu cür sazişlər dövlətlər, xüsusən də iqtisadiyyatı inkişaf edən ölkələr üçün faydalı olub: “Çinin canlandırmaq istədiyi İpək Yolu Azərbaycandan keçərək Avropaya uzanır. Bununla da, Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan Çin üçün həyati əhəmiyyət kəsb edir”

B.Razanın sözlərinə görə, Çinin “Bir kəmər, bir yol" təşəbbüsü Avropa və Asiyanı əhatə edir. O, avtomobil və dəniz kommunikasiyalarının inkişafı üçün bir çox layihələrin birləşməsidir və Azərbaycan bu təşəbbüsdə strateji baxımdan əlverişli mövqe tutur: “ABŞ və Çin arasında münasibətlərin pisləşməsi Pekini iqtisadi strategiyasını aktivləşdirməyə və böyümə potensialı olan daha dinamik bazarları cəlb etməyə sövq edir. Bu baxımdan Azərbaycan Çin investisiyaları üçün böyük əhəmiyyət kəsb edir”.

Politoloq qeyd edib ki, Çin yoxsulluğun aradan qaldırılması, ərzaq təhlükəsizliyi, iqlim dəyişikliyi və s. sahələrdə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmağa yönəlmiş “Qlobal inkişaf təşəbbüsü” layihəsinin icrası fonunda Cənubi Qafqazla qarşılıqlı fəaliyyət göstərməyə çalışır: “Azərbaycan Cənubi Qafqazın mühüm iqtisadi mərkəzinə çevrildiyi üçün onun davamlı ümumi daxili məhsul (ÜDM) artımına ehtiyacı var ki, bu da öz növbəsində birbaşa xarici investisiyalardan asılıdır. Buna görə də çinlilər hesab edirlər ki, təkmilləşdirilmiş kommunikasiya imkanları vasitəsilə ticarətin genişləndirilməsi inkişaf etməkdə olan dünya üçün əsas elementdir”.