Bu gün bizlər işğaldan azad edilmiş ərazilərdə əsl türk qardaşlığının nümunələrini görürük
Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı uğurlu, düşünülmüş, milli maraqlara əsaslanan daxili və xarici siyasət nəticəsində yerləşdiyi regionun lider dövlətinə çevrilən Azərbaycan, həm də müstəqil, qonşuları ilə normal, balanslaşdırılmış siyasət həyata keçirən dövlətə çevrilib.
Məhz bu səbəbdən ölkəmiz haqlı olaraq dünyada etibarlı tərəfdaş imici formalaşdırmış ölkə kimi tanınır, qəbul edilir. Bəli, nə qədər paradoksal olsa da, ölkəmiz on illiklər ərzində ədalət görmədiyi xüsusilə Avropa üçün bu gün strateji tərəfdaş, etibarlı ölkə kimi qəbul edilir. Əlbəttə ki, hazırkı vəziyyətə gəlib çatmaq üçün kifəyət qədər çətin yol qət edilib.
Ölkə başçımız cənab İlham Əliyevin son iyirmi il ərzində yürütdüyü mükəmməl daxili və xarici siyasət nəticəsində Azərbaycan hərtərəfli inkişafa, tərəqqiyə nail olub. Otuz il ərzində işğal altında qalan torpaqlarımızın bütün xarici təsir və təzyiqlərə rəğmən öz gücümüz sayəsində işğaldan azad edilməsi müasir dünyada inanılmaz və analoqu olmayan hadisədir. Cənab Prezidentin siyasi Liderlik bacarığını dünya bir daha baş verən hadisələr fonunda izlədi. Xarici siyasətində qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verən Azərbaycanın BMT-dən sonra ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər və atdığı praktiki addımlar bu gün də təqdir edilir və nümunə göstərilir. Eyni soya, kökə malik olduğumuz türkdilli ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması cənab Prezidentin hər zaman prioritet hesab etdiyi əsas məsələlərdən olub. 2021-ci ildə adı Türk Dövlətləri Təşkilatına dəyişdirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2009-cu ildə Naxçıvan sazişinə əsasən təsis edilməsi Azərbaycanın öz milli kimliyinə, kökünə verdiyi önəmin bariz nümunəsidir.
Bu gün Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrlə münasibətlərinin səviyyəsi onu deməyə əsas verir ki, Azərbaycan bütün istiqamətlər üzrə əməkdaşlıqda, dostluq, və sülh şəraitində yaşamaqda, inkişaf etməkdə maraqlıdır. Bu günlərdə milli mətbuatımızın 149 illiyi münasibətilə Şanlı Zəfərimizin simvolu olan tarixi Şuşa şəhərində keçirilən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” adlı 2-ci Qlobal Media Forumunun açılış mərasimində iştirak edən Müzəffər Ali Baş Komandan nitqində Azərbaycanın Türk dövlətləri, eləcə də türkdilli dövlətlərin bir-birləri olan münasibətləri barədə qeyd etdi.
Qürurla deyə bilərik ki, bu gün Azərbaycanın xüsusilə qardaş Türkiyə dövləti ilə münasibətlərinin səviyyəsi dünya üçün bir nümunədir. 2021-ci il iyun ayının 15-də tarixi məhz yenə də Şuşada cənab Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzalamaları ölkələrimiz arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəltdi.
Bu gün bizlər işğaldan azad edilmiş ərazilərdə əsl türk qardaşlığının nümunələrini görürük. Aparılan geniş miqyaslı quruculuq, abadlıq işlərində Azərbaycana dost olan ölkələrin, xüsusilə də türkdilli dövlətlərin iştirak etməsi bizləri, həm sevindirici, həm də qürurlandırır.
Elmira Kazımova;
Neftçala rayonu, mədəniyyət işçisi