İranla sərhəddə silahlı insident olub, 2 sərhədçimiz xəsarət alıb - FOTO
Sərhəd pozucuları tərəfindən sərhədçilərin həyatına qəsd olunub.
Liderxeber.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Məlumata görə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.
İyulun 24-də saat 03:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.
Sərhədçilərin qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucuları sərhəd naryadına qarşı silahlı müqavimət göstərərək havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edib geri qaçıblar.
Silahlı insident nəticəsində sərhəd naryadının 2 üzvü yüngül xəsarət alıb, onlara zəruri tibbi yardım göstərilib.
Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq olunması nəticəsində sərhəd pozucularından birinin güllə yarası aldığı müəyyən edilib.
Əraziyə baxış zamanı ümumi çəkisi 10 kiloqram 882 qram narkotik vasitə, sərhəd pozucularına məxsus gecəgörmə cihazı, 12 mm çaplı tüfəng, giliz və patronlar aşkar olunub.
Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilib.
Hazırda prokurorluq orqanlarının əməkdaşları ilə birgə əməliyyat-istintaq tədbirləri həyata keçirilir.