Azərbaycanda dənizdə külək potensialının ölçülməsi işlərinə başlanılıb
“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan “Dənizdə külək enerjisi potensialının araşdırılması və potensialdan istifadə istiqamətində hazırlıq tədbirlərinin həyata keçirilməsi” fəaliyyət istiqamətinə uyğun olaraq müəyyən olunmuş ərazilərdə ölçmələrə başlanılması üzrə işlər yekunlaşmaq üzrədir.
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən Liderxeber.az-a bildirilib ki, bu istiqamətdə ölçü-müşahidə işlərinin aparılması üçün Finlandiyanın “Vaisala” şirkəti tərəfindən ölkəyə 2 ədəd LiDAR (Light Detection and Ranging) qurğusu gətirilərək müəyyən olunmuş ərazidə quraşdırılıb. Qurğu lazer şüalarından istifadə edərək 10 kilometr məsafəyədək tələb olunan nöqtələrdə küləyin sürətini və istiqamətini müəyyən etmək üçün istifadə olunur.
LiDAR qurğusu fərqli nöqtələrdə virtual ölçü-müşahidə dirəyi yaradaraq 75 metr, 150 metr və 225 metr hündürlüklərdə küləyin sürətini ölçəcək.
Sözügedən şirkət tərəfindən “LiDAR qurğularının öyrənilməsi” üzrə nəzəri və praktiki təlim keçirilib. Təlimdə LiDAR qurğusunun iş prinsipi, ərazidə müvəqqəti quraşdırılması, konfiqurasiyası, “real-time” əsasında data analizinin aparılması və s. məsələlər qeyd edilib. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, təlimdə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin əməkdaşları da iştirak ediblər.