Fəxri xiyabanda maestro Niyazinin xatirəsi yad olunub
Avqustun 20-də dünyaşöhrətli dirijor və bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Niyazinin (Niyazi Tağızadə-Hacıbəyov; 1912–1984) anadan olmasının 112-ci ildönümü tamam olur.
Mədəniyyət Nazirliyindən Liderxeber.az-a verilən məlumata görə, bu münasibətlə mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Musiqi Mədəniyyəti Dövlət Muzeyi və onun tabeliyində fəaliyyət göstərən Niyazinin Mənzil-Muzeyinin əməkdaşları, tanınmış mədəniyyət xadimləri Fəxri xiyabana gələrək maestronun məzarı önünə gül dəstələri düzüblər.
Anım mərasimdə görkəmli sənətkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətləri vurğulanıb. Bildirilib ki, Niyazi Azərbaycan xalqının milli sərvətidir və onun adı hər zaman böyük ehtiramla anılır. O, Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafında müstəsna rol oynayıb.