Pressa.az » Ölkə » Saatlıq əməkhaqqı rejiminə keçmək nələr vəd edir? - Deputatdan açıqlama

Saatlıq əməkhaqqı rejiminə keçmək nələr vəd edir? - Deputatdan açıqlama

13 sentyabr 2024, Cümə, 14:04
Saatlıq əməkhaqqı rejiminə keçmək nələr vəd edir? - Deputatdan açıqlama

"Azərbaycanda saatlıq əməkhaqqı rejiminə keçilməsi müzakirə olunur. Bununla bağlı artıq rəsmi məlumatlar da yayılıb. Belə bir mexanizm tətbiq olunarsa, əməkhaqqı aylıq deyil, saatlıq olaraq hesablanacaq".

Bu sözləri Liderxeber.az-a açıqlamasında 6-cı çağırış Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, saatlıq əməkhaqqının hesablanması bir tərəfdən vətəndaşlarımıza işlədikləri müddətin saatlar üzrə hesablanması və onların əməkhaqlarında artımların reallaşmasına gətirib çıxara bilər:

"Eyni zamanda vətəndaşımız saatlar üzrə differensial olaraq bir deyil, bir neçə iş yerində çalışa bilər. Bu da onun əməkhaqqının artmasına gətirib çıxaran faktorlardan olacaq. Beynəlxalq təcrübəni nəzərə alsaq, bu qeyri-iş günlərində və iş saatlarından sonra çalışan vətəndaşlarımızın əməkhaqlarında xüsusi əmsalların tətbiq edilməsinə və daha çox əməkhaqqı almasına səbəb ola bilər.

Bütövlükdə bu, yeni və inkişaf etmiş ölkələrdə tətbiq edilən bir mexanizmdir və bunun özəlliyi ondan ibarətdir ki, vətəndaşlarımızın əməkhaqlarının və əməyinin daha yüksək qiymətləndirilməsi real olaraq həyata keçirilsin. Bu baxımdan yeni mexanizmin tətbiq edilməsi əməkhaqlarının artırılmasına gətirib çıxara bilər.

Təbii ki, bu zaman meyarlar müəyyənləşəcək. Eləcə də saatlıq əməkhaqqı üçün də minimumlar məlum olacaq. Saat üçün minimum ödənişlər həm də aylıq əməkhaqqı üçün minimum ödənişlərin məbləğinə uyğunlaşdırılmalıdır və daha yüksək olmalıdır. Artıq yeni mexanizmin hazırlanması prosesi gedir. Müzakirələrdən sonra bunun nə zaman tətbiq ediləcəyi bəlli olacaq. Bütün hallarda bu mexanizmin tətbiq olunması əməkhaqqı sistemində bir yenilikdir".