Prezidentin sərhəd təhlükəsizliyi ismarışı – Azərbaycanın qırmızı xətti - ŞƏRH
Dövlətin təhlükəsizliyi sərhədlərdən uzaqlardan başlayıb, sərhəddə qırmızı xətt olur. Bu, ölkə içərilərinə doğru davam edir.
Sərhədlərin qorunması ölkənin bütövlüyü, suverenliyi üçün təminatdır.
Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan bu istiqamətdə yenidənqurma işləri aparıb. Qonşu ölkələrlə pozulmuş sərhəd yerləri yenidən qurulub, mühəndis-texniki qurğular yerləşdirilib.
Qonşu Rusiya, İran və Gürcüstanla bu sahədə olan problemlər uyğun qurumların arasında danışıqlar yolu ilə həllini tapır.
Bununla belə İrandan tez-tez qanunsuz narkotik maddə qaçaqçıları Azərbaycana keçməyə cəhd edir. Rusiya və Gürcüstan tərəfdən də sərhədlərdə qanunsuz hadisələr baş verir.
Bu isə Ermənistandan başqa qonşularla da sərhədlərin müasir infrastrukturla təchiz edilməsini aktuallaşdırır.
Azərbaycan sərhədlərini 30 il əvvəl Ermənistan pozaraq torpaqları işğal etmişdi. İşğaldan sonrakı dövrdə iki ölkə arasındakı şərti sərhəddə mühəndis işləri aparılır.
Sərhədlərin delimitasiyası və demarkasiyası üzrə tərəflərin işçi qrupu fəaliyyət göstərir.
Müharibə qaydalarına əsasən, işğalçı və təcavüzkar tərəfə bir sıra məhdudlaşdırıcı tədbirlər, sanksiyalar görülür. Ancaq Ermənistana qarşı bu addım atılmayıb. Bu ölkə 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayıb, bölgənin sərvətlərini talayıb, bina və tikililəri dağıdıb.
Fransa və başqa Qərb ölkələri sanksiya tətbiqindənsə ona hərbi sahədə yardım edir. Avropa İttifaqının Ermənistana 10 milyon avroluq hərbi yardımını xatırlamaq yerinə düşər.
Növbəti önəmli vəzifə sərhədlərimizin qorunması ilə bağlıdır. Mən bu haqda artıq bir neçə dəfə öz fikirlərimi ictimaiyyətə çatdırmışam. Hazırda həm Ermənistanla şərti sərhədimizdə mühəndis işləri aparılır, eyni zamanda, digər qonşularla sərhədimiz müasir infrastrukturla təchiz edilməlidir.
İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla vaxtilə işğal altında olan şərti sərhədimizin uzunluğu 500 kilometrdən çoxdur. Özü də bu şərti sərhədin relyefi, coğrafiyası çox ağır, həm də ki, iqlim nöqteyi-nəzərdən çox çətin yerlərdə yerləşir və orada xidmət aparmaq o qədər də asan deyil. Bizim bəzi xidmət yerlərimizin hündürlüyü 3 min metrdən çoxdur. Amma buna baxmayaraq, bizim sərhədboyu yerləşən hərbi mövqelərimiz möhkəmlənir. Biz şərti sərhəddə möhkəmlənirik, çünki hər an Ermənistandan istənilən təxribat gözləmək olar və Ermənistan tərəfi həm kütləvi surətdə silahlanır, eyni zamanda, xarici ölkələrlə, özü də böyük dövlətlərlə hərbi təlimlər keçirir”.
Qərb dövlətləri İrana qarşı sanksiya tətbiq etmələrinə baxmayaraq, Ermənistanın bu İslam Respublikası ilə hərbi-texniki sahədə əməkdaşlıq etməsinə belə göz yumurlar.
Qərb ölkələri Ermənistana hərbi texniki yardımı və tədarükü ölkələrarası müqavilələr olmadan, beynəlxalq hüquqa zidd olaraq reallaşdırırlar. Prezident bu məsələ ilə bağlı deyib: “Ermənistana Qərb ölkələrindən silah, sursat göndərilir. Bəzi hallarda açıq - necə ki, Fransa-Ermənistan hərbi əməkdaşlığı açıq-aşkar aparılır - bəzi hallarda isə məxfi formada. Ancaq biz indi hər şeyi bilməliyik və bilirik, kimlər nəyi Ermənistana nə vaxt ötürür, hansı hərbi yük təyyarələri Ermənistan hava limanlarına enir və o yük təyyarələrində hansı hərbi məhsullar Ermənistana daşınır”.
44 günlük müharibədən sonra Qərb və başqalarının qonşu ölkəni sürətlə silahlandırması kimə qarşıdır - İrana, Rusiyaya, yoxsa Gürcüstana? Birmənalı olaraq Ermənistan Azərbaycan və Türkiyəyə qarşı silahlandırılır. Bunu 120 illik tarixi hadisələr isbatlayıb. Ermənilərdən qərb və Rusiya bir qayda olaraq Türkiyəyə ( o cümlədən Osmanlı dövləti), Qacarlar dövlətinə (indiki İran) qarşı alət kimi istifadə edib. Prezident çıxışında məsələni belə vurğulayıb: “Yəni, Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır. Təbii ki, onları erməni xalqı maraqlandırmır. Erməni xalqı sadəcə onlar üçün bir alətdir, bir vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasın, Ermənistan ərazisindən istifadə edərək Azərbaycan üçün və Ermənistanın digər qonşuları üçün təhdid mənbələri yaratsın. Beləliklə, öz maraqlarını təmin etsin, yəni, bu metodologiya kifayət qədər bəsitdir”.
Keçmiş sovet məkanında, Yaxın Şərqdə baş verən hadisələr Azərbaycanı sərhədlərinin qorunmasını gücləndirməsini aktuallaşdırır. Avropa İttifaqı İraq və Suriyadan olan qaçqınları qəbul etməkdən demək olar ki, imtina edib. Bu ölkələrdən olan üç milyarddan çox qaçqın hələ də Türkiyədədir. Aİ bu məqsədlə Türkiyəyə vəd etdiyi maliyyə yardımını hələ də tam ödəməyib. Bundan başqa Rusiyanın Ukraynada başladığı müharibədən sonra ukraynalıların Aİ-yə sığınmasına da müəyyən məhdudiyyətlər tətbiq edilib.
Koronavirus pandemiyası sübut etdi ki, sərhədlərin bağlanması, karantin rejiminin tətbiqi ilə virusun yayılmasının qarşısını almaq, yaxud yoluxanların sayının azalması mümkün idi.
Odur ki, rəsmi Bakı dövlətin və vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə bir sıra məhdudlaşdırıcı zəruri tədbirlər həyata keçirir.
Dövlət başçısı bildirib ki, digər qonşularımızla sərhədlərimizin möhkəmləndirilməsi vacib şərtlərdən biridir: “Digər qonşularımızla da sərhədlərimizin möhkəmləndirilməsi vacib şərtlərdən biridir və əminəm ki, Azərbaycan vətəndaşları da bu məsələyə anlayışla yanaşırlar. Bizim quru sərhədlərimiz hələ də bağlıdır, yəni, vətəndaşların gəliş-gedişləri üçün. Başa düşürük ki, bu, müəyyən çətinliklər yaradır”.
Dövlət başçısı atılan addımlarla bağlı deyib: “Ancaq bugünkü geosiyasi vəziyyət də hamının gözü qarşısındadır, daxili təhlükəsizliyi təmin etmək üçün bu, yeganə düzgün addımdır”. Prezidentin sözlərinə görə, daxili təhlükəsizlik ilə bağlı bütün lazımi tədbirlər görülür. İlham Əliyev real və potensial təhdidlərin olduğunu da açıq şəkildə vurğulayıb. Dövlət başçısı deyib ki, Azərbaycan ictimaiyyəti də lazım olan həcmdə bu məsələ ilə tanış olur, məlumatlar verilir: “Ancaq bu sahə çox həssas olduğu üçün hesab edirəm Azərbaycan vətəndaşları başa düşürlər ki, bu barədə çox şey danışmaq yersiz və zərərli olar. Amma mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi”.
Odur ki, hazırda quru sərhədlərinin bağlı saxlanılması müəyyən çətinliklərin yaranmasına səbəb olsa da, daxili təhlükəsizliyin təmin edilməsi üçün daha real tədbir sayılır. Çünki dövlətin və vətəndaşların təhlükəsizliyi başqa bütün maraqlardan daha üstündür.
Ölkənin təhlükəsizliyi həm də əhalini təhdid edə biləcək istənilən fəsadlardan qorunmaqdan keçir. Prezidentin sərhədlərin qorunması və təhlükəsizliyinə dair çıxışı Azərbaycanın bu istiqamətdə qırmızı xətti üzrə ismarışları da sayıla bilər.