Avropa komissarı Pre-COP29 çərçivəsində aparılan müzakirələrin səmərəliliyini qeyd edib
Bakıda keçiriləcək COP29 iqlim konfransı əsas hadisə olmaqla yanaşı, həm də çətin danışıqlar prosesi olacaq.
Liderxeber.az xəbər verir ki, bunu Lüksemburqda jurnalistlərə açıqlamasında Avropa İttifaqının iqlimin mühafizəsi üzrə komissarı Vopke Hukstra deyib.
“Mən Bakıdan yenicə qayıtmışam, burada dünyanın müxtəlif ölkələrindən olan tərəfdaşlarla iqlim dəyişikliyi ilə bağlı əlavə tədbirlərin maliyyələşdirilməsinə başlamaq və “BƏƏ konsensusu”nun – bir il ərzində əldə olunmuş bütün qərar və sazişlərin həyata keçirilməsini təmin etməklə bağlı məhsuldar ilkin müzakirələr apardıq. Keçən həftə Bakıda gəldiyim qənaətləri bu gün Şurada müzakirə edəcəyik. Biz həmçinin növbəti müşavirənin parametrlərini müəyyənləşdirəcək və bir sıra digər məsələləri həll edəcəyik. Bütün bunlar bir neçə həftə sonra keçiriləcək COP29-a hazırlıq çərçivəsində baş tutacaq”, - o bildirib.
Avropa komissarı izah edib ki, ötən həftə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransında (Pre-COP29) iştirakı zamanı iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin maliyyələşdirilməsinin bütün iştirakçılardan daha çox səy tələb edəcəyini vurğulayıb.
"Bura həm özəl, həm də dövlət sektorundan maliyyənin cəlb edilməsi daxildir. Bizim avropalıların sadiqliyi ilə yanaşı, həm də ödəmə qabiliyyətinə malik digər ölkələrin də məsuliyyəti öz üzərinə götürəcəyinə əminliyə ehtiyacımız var. Fikrimcə, biz bu gün Lüksemburqda Aİ ölkələrinin iqlim nazirlərinin görüşündə əsasən üç məsələni müzakirə edəcəyik. Birincisi, mövcud vəsaitin həcmini necə artırmaq olar? İkincisi, bu vəsaitin ən çox ehtiyacı olanlara, o cümlədən kiçik ada dövlətlərinə və xüsusilə Afrikada ən az inkişaf etmiş ölkələrə çatmasını təmin etmək üçün nə lazımdır? Üçüncüsü, donor bazasını necə genişləndirə bilərik, çünki bu, çox önəmlidir. Daha çox ölkənin fəal iştirak etməsi vacibdir”, - o əlavə edib.