Azərbaycanda daha bir əmlak kompleksi özəlləşdirilib
Bakının Qaradağ rayonunda - Salyan şosesi, 23-cü km, 8X ünvanında yerləşən əmlak kompleksinin investisiya müsabiqəsi vasitəsilə satışı həyata keçirilib.
Liderxeber.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, uşaq bezləri və salfet kağızlarının istehsalı üzrə ixtisaslamış müəssisənin özəlləşdirilməsi üçün daha əlverişli şərtləri təklif edən “Rafa Group” MMC investisiya müsabiqəsinin qalibi elan olunub. Qaliblə imzalanmış alqı-satqı müqaviləsinə əsasən, investor dövlət büdcəsinə 15 milyon manat köçürülməli, 5 il ərzində müəssisədə 10,8 milyon manatlıq İnvestisiya Proqramı icra etməlidir. Proqram çərçivəsində müəssisədə müxtəlif növ bezlər, nəm salfet istehsalının təşkili və bu məqsədlə müvafiq avadanlıqların alınıb quraşdırılması, mövcud tikili və avadanlıqların təmiri, əlavə tikililərin inşası, müəssisənin xammalla təmin edilməsi, nəqliyyat vasitələri və texnikaların alınması, azı 70 yeni iş yerinin yaradılması nəzərdə tutulur.