Pressa.az » Ölkə » İcbari Tibbi Sığorta Fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq

İcbari Tibbi Sığorta Fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq

25 noyabr 2024, Bazar ertəsi, 16:08
İcbari Tibbi Sığorta Fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq

Gələn il Azərbaycanda İcbari Tibbi Sığorta Fondunun büdcəsi təxminən 3 milyard manat olacaq ki, bu da səhiyyə xərclərinin 70,6 %-ni icbari tibbi sığorta ilə əhatə etməyə imkan verəcək.

Liderxeber.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında – “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Gələn il büdcənin səhiyyə xərcləri 2 milyard manat və yaxud ümumi xərclərin 7,4 %- qədər olacaq. Bütövlükdə səhiyyə xidmətləri üçün nəzərdə tutulan məbləğ isə 3,6 milyard manat təşkil edəcək”, - o vurğulayıb.

Deputatın sözlərinə görə, İcbari Tibbi Sığorta Fondunda vəsait artımı əhaliyə göstərilən tibbi xidmətlərin kəmiyyətinə və keyfiyyətinə müsbət təsir edəcək: "Bu gün əhalinin ən mürəkkəb müalicə və müayinələrini icbari tibbi sığorta qarşılayır. Növbəti ildən ambulator müalicə alan xəstələrin dərmanla təminatını da icbari tibbi sığorta qarşılayacaq ki, bu da son dərəcə təqdirəlayiq haldır. Digər bir məsələ odur ki, səhiyyə üzrə dövlət proqramları çərçivəsində müalicə alan xəstələr də icbari tibbi sığorta ilə əhatə olunmağa başlayıb. Bu keçidi daha da sürətləndirmək lazımdır. Prosesin başa çatması ilə bu qəbildən olan xəstələrin adekvat müalicəsi reallaşacaq. Bütövlükdə icbari tibbi sığorta ölkəmizdə uğurla həyata keçirilir, insanların icbari tibbi sığortadan məmnunluğu daha da artır”.

Xatırladaq ki, bu il İcbari Tibbi Sığorta Fondunun büdcəsi 2 milyard 850,3 milyon manatdır.