İnarə Vəliyeva: "Sənədlər rəqəmsallaşır və artıq kağız sənədləri daşımağa ehtiyac yoxdur"
"Uşağın doğum prosesindən daha sonra şəhadətnamənin alınması, ölüm şəhadətnaməsi, nikaha müraciət, nikah şəhadətnaməsinin alınması üçün müraciət və digər bir çox xidmətlər tamamilə başdan sona rəqəmsallaşma prosesindədir".
Liderxeber.az xəbər verir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilin yekunlarına və innovasiya sahəsində fəallığı ilə seçilən laureatların mükafatlandırılmasına həsr olunmuş "digital.azerbaijan: Nailiyyətlər və IDDA Awards 2024" mərasimində çıxışı zaman qurumun sədri İnarə Vəliyeva deyib.
O bildirib ki, məqsəd Azərbaycanı regionda rəqabətli və lider bir ölkəyə çevirməkdir:
"Bizim məqsədimiz dəyişməz olaraq qalır. Vətəndaşların, bizneslərin həyatını rahatlaşdırmaq, onları növbəsiz, çox rahat vaxt itirmədən müəyyən bir məqsədlərə çatdırmaq əsas məqsədlərdəndir. Hazırda insanların həyatını asanlaşdırmaq istiqamətində rəqəmsallaşma istiqamətində müzakirələr gedir. Əslində sənədlər rəqəmsallaşır və artıq kağız sənədləri daşımağa ehtiyac yoxdur. Burada rəqəmsal şəxsiyyət vəsiqəsi və bir neçə digər sənəddən söhbət gedir. Uşağın doğum prosesindən daha sonra şəhadətnamənin alınması, ölüm şəhadətnaməsi, nikaha müraciət, nikah şəhadətnaməsinin alınması üçün müraciət və digər bir çox xidmətlər tamamilə başdan sona rəqəmsallaşma prosesindədir".