Bu gömrük işçilərinə xüsusi rütbələr verilməyəcək
İntizam tənbehi verilən gömrük işçilərinə tənbeh götürülənə qədər xüsusi rütbələr verilməyəcək.
Liderxeber.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Gömrük orqanlarında xidmət haqqında Əsasnaməyə dəyişiklikdə əksini tapıb.
Belə ki, indiyə qədər qüvvədə olan qanuna əsasən, barəsində cinayət işi qaldırılan və ya xidməti intizamın pozulması ilə əlaqədar xidməti araşdırma aparılan gömrük orqanlarının vəzifəli şəxslərinə növbəti xüsusi rütbə müvafiq olaraq cinayət işinə bəraət qazandıran əsaslarla xitam verilənə və ya xidməti araşdırma qurtarana qədər verilmir.
Yeni qanuna əsasən, gömrük orqanlarının sərəncamında olan, yaxud intizam tənbehi verilmiş, həmçinin barələrində cinayət işi başlanmış və ya xidməti intizamın pozulması ilə əlaqədar xidməti araşdırma aparılan işçilər vəzifəyə təyin olunana, intizam tənbehi götürülənə, ibtidai istintaqda cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilənə və ya məhkəmənin hökmü ilə bəraət alanadək, yaxud xidməti araşdırma qurtaranadək növbəti xüsusi rütbələrə təqdim edilməyəcəklər.