Paşalı rayon icmasının növbəti iclası keçirilib
Qərbi Azərbaycan İcması Dərələyəz mahalı Paşalı rayonu icma sədrlərinin iclası keçirilib.
Liderxeber.az xəbər verir ki, iclası giriş sözü ilə açan Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru, Paşalı rayonunun icma sədri Faiq Xudayev ötən il ərzində həyata keçirilən tədbirlər və görülən işlərə nəzər salaraq 2025-ci ildə qarşıda duran vəzifələrdən danışıb, həmçinin bu ilin tədbirlər planını icma sədrlərinin diqqətinə çatdırıb. Qeyd olunub ki, Qərbi Azərbaycanla bağlı görülən işlərdə - tarixi həqiqətlərin gənc nəslə ötürülməsində əzəli-əbədi torpaqlarımızın hər qarışına bələd olan insanlarımızın rolu böyükdür. Bu səbəbdən də onlarla görüşlərin təşkili əhəmiyyətlidir. Faiq Xudayev eyni zamanda İstisu, Terp, Kotanlı icmalarının fəallığını yüksək dəyərləndirib, o cümlədən Tərtərdə “Her herlilərlə bir gün” adlı tədbir çərçivəsində keçirilmiş unudulmaz görüşün uzun müddət hafizələrdə yaşayacağını dilə gətirib. Sədr digər icma rəhbərlərinə bu istiqamətdə tövsiyə və tapşırıqlarını verib.
Sonra İstisu icmasının sədri Alı Alıyev görülən işlər və tədbirlərin reallaşdırılması üçün büdcənin olmasının vacibliyini və bu istiqamətdə səmərəli addımların atıldığını qeyd edib. İcma sədri əlavə edeib ki, İstisu icmasının tərkibinə daxil olan bəzi üzvlərin – yaşlı insanların, ağsaqqqalların ziyarətinə gedilərkən, yüksək balla ali məktəbə daxil olmuş tələbələrlə görüş keçirərkən həvəsləndirici hədiyyələrin təqdimatı üçün maddi təlabata ehtiyac duyulur ki, bunların qarşılanması üçün büdcənin zəruriliyi özünü göstərir. Çünki bu gün həmin gənclərə göstərilən diqqət qayıdış prosesində onların rolunun xüsusi olmasının göstəricisidir. Onun sözlərinə görə, bu planların gerçəkləşməsində gənclərin töhfəsi böyük olacaq.
Çıxışçılar arasında Köçbək icma sədri Akif Pirəliyevin söylədiyi xatirələr maraqla dinlənilib və təklifləri razılıqla qarşılanıb.
Rəhbərlik etdiyi icmanın işlərindən əlavə, həm də gənclərlə sıx əlaqələr quran Cul icma sədri İlkin Təhməzov isə bu amal uğrunda gənclərin maariflənməsinin böyük əhəmiyyət daşıdığını bildirib. İcma sədri onu da qeyd edib ki, yurd yerlərinə təhlükəsiz şəkildə qayıda bilmək arzusundadılar. Bunun üçün bölgələrdə məskunlaşmış əhali arasında gənclərin fəal olmasına, təbliğatın gücləndirilməsinə nail olunmalıdır. O vurğulayıb ki, böyükdən kiçiyə bir araya gələrək bu istiqamətdə mübarizə davam etdirilməlidir.
İclasda İstisu icma sədri Alı Alıyev, Köçbək icma sədri Akif Pirəliyev, Gomur kənd icma sədri Bəxtiyar Həsənov, Gabud kənd icma sədri Tural Abbasov, Axta kənd icma sədri Ehtiram Hümbətov, Cul kənd icma sədri İlkin Təhməzov, Her-her kənd icma sədri Afaq Sadıqova, Arınc icma sədri Nigar Həsənova, Kotanlı icma sədri Əbülfəz Şahverdiyev çıxış edərək görülən işlər barədə geniş fikir mübadiləsi aparıblar.
Çıxışlarda o da qeyd olunub ki, Qərbi azərbaycanlıların indiki Ermənistan ərazisindən kütləvi deportasiya olunması nəticəsində öz dədə-baba yurdlarından didərgin düşmüş insanların və onların varislərinin hüququnun bərpası, ləyaqətli şəkildə, norma daxilində nail olmağa çalışılır. Soydaşlara bu haqq işdə bir olmaları tövsiyyə olunub.
Xalqımıza qarşı yüzillər boyu işğalçılıq, düşmənçilik siyasəti aparan bədnam qonşuların məkrli əməllərini diqqətə çatdıran Qərbi Azərbaycan İcmasının koordinatoru İman Məmmədov Paşalı icmasının gördüyü işlərin qənaətbəxş olduğunu bildirib.
Daha sonra geniş müzakirələr aparılıb, təklif və tövsiyələr dinlənilib. Qərbi azərbaycanlılara məxsus milli-mədəni irsimizin daha böyük auditoriyaya çatdırılmasının vacibliyi diqqətə çatdırılıb.