Pressa.az » Səhiyyə » Sumqayıt Tibb Mərkəzində ilin ilk yarısında 5 mindən çox əməliyyat icra edilib

Sumqayıt Tibb Mərkəzində ilin ilk yarısında 5 mindən çox əməliyyat icra edilib

25 sentyabr 2024, Çərşənbə, 08:09
Sumqayıt Tibb Mərkəzində ilin ilk yarısında 5 mindən çox əməliyyat icra edilib

Sumqayıt Tibb Mərkəzində (STM) cərrahi xidmətin 6 aylıq nəticələrinə həsr olunmuş hesabat konfransı keçirilib.

Liderxeber.az xəbər verir ki, STM-nin direktor müavinlərinin, tabeli tibb müəssisələrinin baş həkimlərinin və cərrahlarının iştirak etdiyi konfransı giriş sözü ilə açan Mərkəzin direktoru Elnur Azadxanov bildirib ki, müasir təbabətin ümdə vəzifəsi düzgün diaqnostikadır. 

Direktor hesabat dövründə bir sıra uğurların əldə edildiyini diqqətə çatdırıb.

Qeyd edib ki, STM-nin xəstəxanalarında böyük həcmli mürəkkəb əməliyyatlar icra olunur. 

E.Azadxanov xəstəxanalarda yeni cərrahi xidmətlərin yaradılacağını, kadr potensialının daha da gücləndiriləcəyini bildirib. 

STM-nin cərrahi işlər üzrə direktor müavini Ramin Qasımov 2024-cü ilk 6 ayı ərzində icra olunan əməliyyatların müxtəlifliyindən danışıb. Vurğulayıb ki, hesabat dövründə STM-nin müəssisələrində 5375 cərrahi əməliyyat həyata keçirilib. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz çoxdur. 

Bildirilib ki, iyun ayından start verilən endoprotez əməliyyatlarının sayı 20-ni ötüb. 

O, nəinki Sumqayıtdan, hətta regionlardan da vətəndaşların əməliyyat olunmaq üçün STM-ni seçdiklərini sözlərinə əlavə edib.

Digər çıxış edənlər - 1 nömrəli Xəstəxananın baş həkimi Mətləb Musayev, 2 nömrəli Xəstəxananın Cərrahiyyə şöbəsinin müdiri Elməddin Əşrəfov, Uşaq Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri Yetkin Əliyev, Təcili Tibbi Yardım Xəstəxanasının Cərrahiyyə müdiri Namiq Fərəcov və 1 nömrəli Xəstəxananın Əməliyyatxana bölməsinin müdiri, tibb elmləri doktoru Rəfiəli Novruzov hesabat dövrü ərzində cərrahi xidmətlər barəsində geniş məlumat veriblər.

Konfrans qarşılıqlı fikir mübadiləsi ilə başa çatıb.