Ədalət Partiyasında sədrlik uğrunda qarşıdurma

Ədalət Partiyasının qurucusu, Azərbaycanın sabiq baş prokuroru İlyas İsmayılovun vəfatından sonra partiyada sədrlik uğrunda mübarizə başlayıb.
Liderxeber.az xəbər verir ki, yayılan məlumatlarda sədrlik uğrunda 2 qrupun mübarizə apardığı bildirilib.
Aprelin 12-də partiyanın Siyasi Şurasının bir neçə üzvünün iştirakı ilə iclas keçirilib və toplantıda Ali Məclisin çağırılması barədə qərar qəbul olunub.
Ədalət Partiyasının Ali Məclisinin sədri Meydan Babayev isə deyib ki, qurumun Təşkilat məsələləri üzrə sədr müavini Mütəllim Rəhimovun təşəbbüsü ilə keçirilən iclas partiyanın Nizamnaməsinin tələblərinə cavab vermədiyi üçün legitim sayıla bilməz. O, iclasda iştirak edənlərin bəzilərinin, ümumiyyətlə, partiya üzvü olmadığını söyləyib.
Mütəllim Rəhimov isə saytımıza açıqlamasında deyilənləri təkzib edib: “M.Babayevin Siyasi Şuranın iclasında aidiyyəti olmayan şəxslərin iştirakı barədə dedikləri yalandır. İclasın qərarı var və orada iştirak edən hər bir Siyasi Şura üzvü imza edərək adını yazıb. Həmçinin iclasda kvorum olub və bununla bağlı deyilənlərin heç bir əsası yoxdur. Hazırda Siyasi Şuranın 11 nəfər üzvü var və onlardan 7 nəfəri iştirak edib.
Partiyanın Nizamnaməsinə görə, Siyasi Şuranın iclasları ayda iki dəfədən az olmayaraq keçirilir. Üzvlərin yarıdan çoxu iştirak etdikdə iclas səlahiyyətlidir. Qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Göründüyü kimi, yetərsay var və qərarın lehinə minimum 4 nəfər səs versə, keçərli olurdu, halbuki 7 nəfər səs verib. İndi Meydan Babayevin təsiri və təkidi ilə kimsə imzasından imtina edirsə, bu onun öz işidir”.
Oxşar Xəbərlər:

