Türkiyə MSK: "Səslərin 90 faizindən çoxu sayılıb, Ərdoğan 49,49 faizlə liderdir"
Türkiyədə keçirilən prezident və parlament seçkilərində səslərin 91,93 faizi sayılıb.
LiderXəbər xəbər verir ki, bunu Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener bildirib.
Onun sözlərinə görə, yerli vaxtla 02:25-ə olan məlumata əsasən, Rəcəb Tayyib Ərdoğan 49,49 faiz, Kamal Kılıçdaroğlu 44,79 faiz, Sinan Oğan 5,29 faiz, Məhərrəm İncə 0,43 faiz səs yığıb.
Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri ilə bağlı səsvermə başa çatıb. Hazırda seçki məntəqələrində səslər sayılır. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb. Ölkə daxilindəki seçici sayı 60 milyon 697 min 843 nəfərdir. Xaricdə yaşayan 3 milyon 416 min 98 seçicinin səsverməsi isə bir neçə gün əvvəl yekunlaşıb.
Prezident vəzifəsi uğrunda 3 namizəd mübarizə aparır - “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğan. “Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib. “Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur. “Ata” İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaqı partiyaları daxildir. Parlament seçkiləri üzrə 36 siyasi partiyanın namizədi qeydə alınıb.