Ermənistan konstitusiyasında gözlənilən dəyişiklik: Sülh üçün zəruri və vacib addım

Azərbaycanla Ermənistan arasında sülh prosesinin əsas məqsədi Cənubi Qafqazda uzunmüddətli sabitliyin və normal qonşuluq münasibətlərinin qurulmasıdır.
Bu kontekstdə Ermənistan konstitusiyasında olan bəzi müddəalar, xüsusilə də Müstəqillik Bəyannaməsinə istinad danışıqlar üçün problem yaradan hüquqi və siyasi baryerlərdən biridir.
Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda imzalanan Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında 17 maddədən ibarət Sazişdə bildirilir ki, tərəflər bir-birinin ərazi bütövlüyü və suverenliyini, sərhədlərin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyırlar. Habelə bir-birinə qarşı indi və gələcəkdə ərazi iddialarının olmadığını təsdiqləyir, həmçinin bu cür hərəkətlərin planlaşdırılmasına, hazırlanmasına, həvəsləndirilməsinə, dəstəklənməsinə yol verməyəcəyi öhdəliyini götürürlər. Bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsini şərtləndirir.
Eyni zamanda, tərəflər separatizm və terrorizmin bütün təzahürlərini pisləyirlər. Bu isə Azərbaycan ərazilərində erməni separatizminin yenidən baş qaldırma riskinin olmadığını, Qarabağda separatizmin kökünün birdəfəlik kəsildiyini təsdiqləyir.
Bununla yanaşı, Ermənistanın baş naziri Nikol Paşinyan da Müstəqillik Bəyannaməsinin sülhə maneə olduğunu vurğulayaraq, ölkəsinin yeni konstitusiyaya ehtiyacı olduğunu təsdiqləyib. Yəni rəsmi İrəvan da anlayır ki, ölkənin əsas sənədi sülhə maneədir və Minsk qrupunun tarixə qovuşması kimi, konstitusiyanın da dəyişməsi zəruridir.
Bəs Müstəqillik Bəyannaməsinə istinad nə üçün problematikdir?
Ermənistanın 1990-cı ildə qəbul etdiyi Müstəqillik Bəyannaməsi 12 bənddən ibarətdir. Sənəddə həm Türkiyəyə, həm də Azərbaycana qarşı ərazi iddiaları var. Belə ki, Bəyannamə "1915-ci ildə Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda gerçəkləşən "soyqırımı"nın tanınması"nı dəstəkləyir. Ermənilər "Qərbi Ermənistan" dedikdə Türkiyə Respublikasına, 1989-cu ildə Ermənistan SSR ilə artıq ləğv edilən Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsinə dair qərara istinad etməklə Azərbaycana qarşı ərazi iddiaları irəli sürürlər. Azərbaycan da haqlı olaraq bu müddəaların sülh müqaviləsinə əngəl törətdiyini bildirir.
Ermənistan konstitusiyasında belə bir məqsədin yer alması ərazi iddiasıdır və bu da beynəlxalq hüquqla ərazi bütövlüyü prinsipinə ziddir. Vaşinqtonda imzalanan müqavilə isə qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınmasını və qeyri-müdaxiləni tələb edir. Konstitusiyada belə bir istinadın qalması Ermənistanın gələcəkdə bu iddiadan yenidən istifadə edə biləcəyini göstərir, bu isə etimad böhranı yaradır. Çünki Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir və ərazi iddiası heç bir halda qəbul edilən deyil.
Bu dəyişikliyin sülh dövrü üçün zəruriliyi nədən ibarətdir?
Ermənistanın sülh müqaviləsini imzalayıb, ona əməl etməsi üçün, konstitusiya bu razılaşmalara zidd olmamalıdır. Əks halda konstitusiya-hüquqi kolliziya (əks qüvvələr arasındakı ziddiyyət) yaranacaq.
Həmçinin bu dəyişiklik Ermənistanın artıq Qarabağ məsələsində əvvəlki siyasətindən geri çəkildiyini və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını göstərən mühüm siyasi jestdir. 2020-ci ilin 44 günlük Vətən müharibəsi, eləcə də 2023-cü ildə həyata keçirilən birgünlük lokal xarakterli antiterror tədbirlərindən sonra bölgədə geosiyasi reallıqlar dəyişib, Azərbaycan yeni siyasi reallıq yaradıb. Ermənistanın konstitusiyasında hələ də bu cür müddəanın qalması yeni reallıqları rəsmi şəkildə qəbul etməməkdir. Bu baxımdan, Ermənistan konstitusiyasından Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması həm sülh üçün, həm də beynəlxalq hüquqa uyğunluq baxımından vacib addımdır. Bu dəyişiklik, həmçinin bölgədə sabitliyin bərqərar olması və gələcəkdə normal münasibətlərin qurulması üçün zəruri hüquqi zəmin yaradır.
Oxşar Xəbərlər:


