Pressa.az » Siyasət » “Azərbaycanla Çin arasında hərtərəfli strateji tərəfdaşlıq mövcuddur” - Yenilənib

“Azərbaycanla Çin arasında hərtərəfli strateji tərəfdaşlıq mövcuddur” - Yenilənib

01 sentyabr 2025, Bazar ertəsi, 15:25
“Azərbaycanla Çin arasında hərtərəfli strateji tərəfdaşlıq mövcuddur” - Yenilənib

“Azərbaycan-Çin əlaqələri son iki ildə keyfiyyətcə yeni mərhələyə yüksəlib”.

Liderxeber.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən görüş zamanı bildirib.

Dövlət başçısı qeyd edib: “Azərbaycanla Çin arasında səmimi, dost münasibətlər və hərtərəfli strateji tərəfdaşlıq mövcuddur. Bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir”.

O, bu il iki ölkə arasında strateji tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyanatın imzalanmasını tarixi hadisə adlandırıb və bunun Azərbaycan-Çin münasibətlərində yeni səhifə açdığını vurğulayıb.

***

Prezident həmçinin bildirib ki, Azərbaycan Çinin beynəlxalq sülh, təhlükəsizlik və inkişafı təşviq etmək üçün irəli sürdüyü Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləyib.

“Biz həmçinin Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş Qlobal İdarəetmə Təşəbbüsünü dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış bir addım kimi alqışlayırıq” – dövlət başçısı əlavə edib.

***

Ölkə başçısı onu da qeyd edib ki, Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır.

“Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk”, - deyə dövlət başçısı əlavə edib.

Prezident İlham Əliyev əlavə edib ki, Azərbaycan ÇXR Sədrinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyənlərdən biri olub və bu istiqamətdə ciddi praktiki layihələr həyata keçirir.