Pressa.az » Siyasət » Xəyal Bəşirov: "Radikal qruplar beynəlxalq təşkilatlara daim saxta məlumatlar, rəqəmlər ötürüblər"

Xəyal Bəşirov: "Radikal qruplar beynəlxalq təşkilatlara daim saxta məlumatlar, rəqəmlər ötürüblər"

05 dekabr 2025, Cümə, 17:15
Xəyal Bəşirov: "Radikal qruplar beynəlxalq təşkilatlara daim saxta məlumatlar, rəqəmlər ötürüblər"

"Özünü radikal müxalifət hesab edən qüvvələr bütün mövzularda eyni üsula davranıblar:

On qat saxtakarlığa, yalan və mübaliğəyə yol veriblər".

Bu sözləri Liderxeber.az-a açıqlamasında politoloq Xəyal Bəşirov Rusiyada yaşayan azərbaycanlıların sayı ilə bağlı müxalifətin, xüsusi ilə də hazırda həbsdə olan AXCP sədri Əli Kərimlinin manipulyasiyalarını şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin həbsi fonunda son illər dövlətə qarşı aparılan təxribatçı fəaliyyətlər üzə çıxıb:

"Bu cinayət işi uzun müddət müxtəlif qruplar tərəfindən Azərbaycan dövləti və hakimiyyəti əleyhinə istifadə olunan manipulyasiya alətlərini ifşa edib. Bu məsələ təsadüfi bir proses deyil. Əli Kərimlinin həbsi ilə bağlı faktlar Ramiz Mehdiyev işi fonunda gizli saxlanılan bir sıra məqamları açdı. Müəyyən qruplar illərlə müxtəlif mövzuları Azərbaycan dövlətinin əleyhinə təzyiq, şantaj vasitəsinə çevirməyə cəhd ediblər. Onlardan biri də guya azərbaycanlıların kütləvi şəkildə ölkədən çıxması və Rusiyada iki milyon azərbaycanlının yaşaması iddiası idi".

Politoloq bildirib ki, bu rəqəmlər məqsədli şəkildə şişirdilərək dövlət siyasətini gözdən salmaq üçün istifadə olunub:

"Bu mövzu üzərindən illərlə spekulyativ addımlar atılıb. Guya 2 milyon insanın ölkədən getməsi, onların ailələrinə göndərdikləri pullar və s. bu kimi fikirlərlə cəmiyyəti aldatmağa çalışılıb. Halbuki Rusiya qurumlarının rəsmi məlumatına görə, orada yaşayan azərbaycanlıların sayı 224 min 400 nəfərdir. Bu rəqəmi 10 dəfə şişirtmək həmin şəxslərin yalanlarının miqyasını göstərir".

Bəşirov qeyd edib ki, bu adamların bütün fəaliyyətində "10 qat mübaliğə və 10 qat saxtakarlıq" üsulu daim sistemli şəkildə tətbiq olunub:

"Bu cinayət işi onların bütün fəaliyyətinin əsl mahiyyətini üzə çıxarır. Hazırda istintaqın ilkin mərhələsidir və konfidensiallıq pozulmadan açıqlana bilən rəqəmlər artıq ortaya çıxıb. Amma elə faktlar da var ki, hələ açıqlanması mümkün deyil. Gələcəkdə onların da üzə çıxacağı istisna edilmir".

Politoloq həmçinin beynəlxalq təşkilatların məsələyə reaksiyasının da vəziyyəti izah etdiyini bildirib:

"Bu gün beynəlxalq təşkilatların, Avropa təsisatlarının və dünya dövlətlərinin Əli Kərimlinin həbsi ilə bağlı tutduqları mövqe onu göstərir ki, artıq onların da əlində danışmağa fakt yoxdur. Bu, həmin şəxslərin uzun illər apardığı dezinformasiyanın ifşa olunduğunu sübut edir".

Xəyal Bəşirov vurğulayıb ki, istintaq davam etdikcə daha çox faktlar üzə çıxacaq:

"Uzun illər ərzində anti-Azərbaycan qruplar beynəlxalq təşkilatlara saxta məlumatlar, rəqəmlər ötürüblər və onlar da bu məlumatlardan dövlətimizə qarşı istifadə ediblər. İndi bu yalanlar ifşa olunur. Cəmiyyətin onlara inamı ciddi şəkildə sarsılıb. İstintaqın gedişində daha çox ifşaedici faktlar üzə çıxacaq".