Pressa.az » Siyasət » Ərdoğan körfəz ölkələrinə səfəri zamanı 50 milyard dollardan çox sərmayə cəlb etmək niyyətindədir

Ərdoğan körfəz ölkələrinə səfəri zamanı 50 milyard dollardan çox sərmayə cəlb etmək niyyətindədir

17 iyul 2023, Bazar ertəsi, 04:14
Ərdoğan körfəz ölkələrinə səfəri zamanı 50 milyard dollardan çox sərmayə cəlb etmək niyyətindədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi Fars körfəzi ölkələrinə 50 milyard dollardan çox investisiya sazişinin imzalanması ilə nəticələnəcək üç günlük səfərə gedəcək.

LiderXəbər Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfərdə onu 200-ə yaxın türk iş adamı müşayiət edəcək.

Ərdoğan Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı rəhbərliyi ilə danışıqlardan əlavə, Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) tərəfindən bu dövlətlərdə təşkil olunacaq biznes forumlarda iştirak edəcək. Qurumun rəhbəri Nail Olpak səfərdən əvvəl jurnalistlərə bildirib ki, görüşlərin yekunlarına əsasən tikinti-podrat sektorunda, o cümlədən səhiyyə, enerji, nəqliyyat, maliyyə, turizm və kənd təsərrüfatı sahələrində sazişlərin imzalanması planlaşdırılır.

“A Haber” telekanalında çıxış edən Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz konkret razılaşmalara ümid etdiyini bildirib. "Söhbət həm iki ölkədə, həm də üçüncü ölkədə uzunmüddətli layihələrdən gedir. Birbaşa sərmayələrin bir hissəsi dərhal, bəziləri isə sonralar gələcək. Biz nüfuzlu rəqəmlər gözləyirik", - o əlavə edib.