Pressa.az » Siyasət » Mübariz Mənsimov Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı mövqeyini açıqlayıb

Mübariz Mənsimov Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı mövqeyini açıqlayıb

19 dekabr 2023, Çərşənbə axşamı, 16:21
Mübariz Mənsimov Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı mövqeyini açıqlayıb

"Palmali Holding" şirkətinin qurucusu və prezidenti Mübariz Mənsimov 7 fevral 2024-cü il tarixində Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı mövqeyini açıqlayıb.

LiderXəbər xəbər verir ki, İlham Əliyevin namizədliyini birmənalı dəstəkləyən azərbaycanlı iş adamı "Palmali"də çalışan minlərlə soydaşımızı eyni mövqedən çıxış etməyə çağırıb:

"2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Azərbaycan xalqı ilk dəfə olaraq ərazi bütövlüyünü tam bərpa etmiş Qalib ölkənin Prezidentini seçəcək. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. 

Hər zaman dövlətimin, Prezidentimin yanında olan bir insan kimi xüsusilə vurğulamaq istərdim ki, 30 ilə yaxın həsrətini çəkdiyimiz torpaqlarımızın işğaldan azad edilməsi məhz güclü siyasi iradəsi olan və Azərbaycanın milli maraqlarını hər şeydən üstün tutan İlham Əliyevin gərgin əməyinin nəticəsidir.

Mən Azərbaycanda İlham Əliyevin namizədliyini dəstəkləyir, Azərbaycan vətəndaşı kimi səsimi Prezident İlham Əliyevə verəcəyimi bəyan edirəm.

Qurucusu olduğum "Palmali Holding" şirkəti də fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyevi dəstəkləyir. "Palmali" ailəsinin Azərbaycan vətəndaşı olan minlərlə üzvünü qarşıdan gələn seçkilərində İlham Əliyevin namizədliyinə səs verməyə çağırıram".