Ceyhun Bayramov Ermənistanla sülh sazişinin imzalanmasının mümkünlüyünə toxunub
“Sülh müqaviləsi ətrafında danışıqlar prosesinə gəldikdə, deyim ki, fevral ayından etibarən intensiv danışıqlar bərpa edilib”.
LiderXəbər.az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri Yan Borqla birgə mətbuat konfransında deyib.
“Buna qədər əvvəlki müddətdə sənədlərin və şərtlərin mübadiləsi baş verirdi, sadəcə, fiziki görüşlər dayandırılmışdı. Amma Münhen, Berlin və Almatı görüşləri ilə proses davam etdirildi. Son görüş nəticəsində xeyli müzakirə aparıldı. Mən bununla bağlı detallara varmaq istəməsəm də, bu danışıqları müsbət qiymətləndirirəm”, - qeyd edib.
XİN rəhbəri onu da qeyd edib ki, gözləntilər uyğun və realist olmalıdır: “Bu, olduqca mürəkkəb və lazımlı prosesdir. Sülh sazişi Azərbaycan tərəfi üçün ədalətli və beynəlxalq hüquqa əsaslanan, gələcəkdə hansısa şübhəli məqamları masa üzərinə gətirmək məqamlarını istisna edən saziş olmalıdır. Eləcə də, sözsüz, qarşı tərəfin də gözləntilərini nəzərə alır, qarşılıqlı həll yolları üçün çalışırıq. Almatı danışıqları növbəti bir addım olub. Bu böyük addımdır, ya kiçik, bunu yalnız prosesin sonunda biləcəyik. Amma deyim ki, bu, prosesin önəmli bir hissəsidir. Bunu biz mətbuata açıqlama zamanı da bildirmişdik ki, tərəflər danışıqların davam etdirilməsi barədə razılıq əldə ediblər. Düşünürəm ki, yaxın gələcəkdə bunun şahidi olacağıq”.