Regional və milli maraqlara xidmət edən xarici siyasət
Hazırda Cənubi Qafqazın lider dövlətinə çevrilmiş Azərbaycan öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə beynəlxalq miqyasda adından söz etdirib. Bu gün dünyada etibarlı tərəfdaş ölkə kimi tanınan ölkəmiz qarşılıqlı əməkdaşlıq, mehriban qonşuluq prinsiplərinə xüsusi diqqət ayırır.
Ölkəmiz eyni zamanda 2020-ci ildə həyata keçirdiyi hərbi əməliyyatlardan sonra təhlükəsizlik məsələlərinə də xüsusi diqqət yetirir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ötən iyirmi il ərzində yürüdülən məqsədyönlü siyasət, xüsusilə son dörd il ərzində atılan konkret addımlar onu deməyə əsas verir ki, dövlətimiz daxili siyasətlə yanaşı, xarici siyasət prespektivlərini də düzgün, mükəmməl müəyyən edib və edir.
Bu gün Azərbaycanın xarici siyasət kursunda bütün qonşulara qarşı, eyni zamanda dünyanın ən böyük dövləti olan Rusiya ilə də qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlərə böyük əhəmiyyət verilir. Ümumiyyətlə, Azərbaycan-Rusiya münasibətlərinin inkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəm daşıyır.
Digər tərəfdən dövlət başçılarının görüşləri ikitərəfli münasibətlərin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Bu kontekstdə bir neçə gen öncə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri xüsusi önəm daşıyır.
Qeyd edək ki, səfər son dərəcə səmimi təsir bağışlayırdı. Bu da ölkə başçımız cənab İlham Əliyevin şəxsi nüfuzunun göstəricisi idi. Səfər zamanı 2022-ci ildə yeni mərhələyə qədəm qoyan Rusiya-Azərbaycan münasibətlərinin əhəmiyyətli dərəcədə irəlilədiyinin şahidi olduq. Ümumiyyətlə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı çoxşaxəli münasibətlər və sıx təmaslar müasir beynəlxalq münasibətlər sisteminin mühüm komponentlərindən birini təşkil edir. Dövlətlərarası münasibətlərimiz üçün nəqliyyat dəhlizləri məsələsi olduqca böyük əhəmiyyət daşıyır. Regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları və “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi kimi məsələlərin aktuallığı danılmazdır. Səfər çərçivəsində hər iki ölkə başçıları arasında səhiyyə, tibb, ekologiya və s. istiqamətlərdə danışıqların və razılaşmaların əldə edilməsi ümumi, eləcə də milli maraqlarımıza tamamilə uyğundur.
Rəmziyyə Nəcəfova;
Neftçala rayonu, ictimai fəal