Altı ölkənin xüsusi təyinatlıları birgə təlimdə - Video
Sentyabrın 10-da Qazaxıstanın Türküstan vilayətində yerləşən Orda poliqonunda “Sonsuz qardaşlıq – III” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təliminin təntənəli açılış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Liderxeber.az-a verilən məlumata görə, Azərbaycan, Qazaxıstan, Türkiyə, Pakistan, Qətər və Özbəkistan xüsusi təyinatlılarının iştirakı ilə keçirilən təlimə İordaniya və Qırğızıstan müşahidəçi qismində dəvət olunub.
Təlimlərin keçirilməsində məqsəd idarəetmə orqanlarının və bölmələrin fəaliyyətində operativ uzlaşmanın təmin olunması, şəxsi heyətin praktiki vərdişlərinin artırılması, qarşılıqlı təcrübə mübadiləsi və peşə vərdişlərinin təkmilləşdirilməsidir.
Plana uyğun olaraq xüsusi təyinatlı bölmələrlə taktika, atəş, dağ-paraşüt, snayper hazırlığı üzrə məşqlər keçiriləcək.
Təlimin yekununda xüsusi təyinatlı bölmələr yaşayış məntəqəsində qeyri-qanuni silahlı dəstənin aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə təlim-döyüş əməliyyatı tapşırıqlarını yerinə yetirəcəklər.